Bu gün:

“Memarlıq və şəhər mühiti turizmin inkişafında böyük rol oynayır“



24Media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti müsahibi Habitat Lab-ın həmtəsisçi memarı Qumru Mirzəliyevadır. O, Azərbaycanda turistik məkanların memarlıq üslubları ilə bağlı sualı cavablandırıb. 


-Azərbaycanda turistlərin daha çox gəlməsi və daha çox pul qazanılması üçün binaların quruluşu, turistik məkanların memarlıq üslubları necə olmalıdır və hansı dəyişikliklər edilməlidir? 

Memarlıq və şəhər mühiti turizmin inkişafında böyük rol oynayır. Səmimi olaraq demək istəyirəm ki, məkanlar, ilk növbədə, öz içərisində rahat mühit yaratmağı təmin etməlidir. Məkanların düzgün tərtibatı, icmanın rahatlığı, xoşbəxtliyi və inkluzivliyin nəzərə alınması çox vacibdir. Bu suala ikimiqyaslı cavab verərdim: qəsəbə, şəhər mühiti miqyasında və bina miqyasında. Bina miqyasında, əlbəttə, ikonik, futuristik binalar həmişə turistlərin diqqətini çəkə bilir. Buna örnək olaraq Heydər Əliyev mərkəzini misal göstərmək olar. Qeyd etmək istəyirəm ki, hətta Türkiyədən-mənim təhsil aldığım universitetin memar müəllimlərindən sırf Heydər Əliyev mərkəzini görmək üçün Bakıya gələnlər olub. Memarlıqda "Bilbao effekti" deyilən bir termin var. Memar Frank Gehry sənaye şəhəri Bilbaoda layihələndirdiyi müasir görünüşlü, futuristik Guggenheim muzeyindən sonra ora nə qədər turist axının cəlb olunması dünya faktıdır. Bu onu göstərir ki, memarlıq turizmə və şəhərin iqtisadiyyatına ciddi təsir edir. Ümumiyyətlə, icmanın iştirakı, insanyönümlülük, çeşidlilik, dinamika, canlı həyat mexanizminin olduğu yerlərə turistlər daha çox axın edirlər. Çünki orada ünsiyyət, həyat səmimiyyət və unikallıq var. Ölkəmizdə son zamanlar bərpa olunan Balaxanı qəsəbəsini bu dediklərimiz üzərindən analiz etsək, yaxşı tərəfləri odur ki, icmanı qəsəbənin inkişafına cəlb ediblər. Bu canlılığı ora gedərkən küçədə musiqi ifa edən, ticarətə cəlb olunan yerlilərdən hiss etmək olur. Qəsəbənin memarlıq kimliyinə yanaşma düzgün olmasa da icmanın iştiraka cəlb olunması faktı yaxşı qarşılanır. Hazırda Azərbaycanda-Bakıda çox bəzəkli, estetik məkanlar olsa da məkanlardakı təbiilik, canlılıq, əfsuslar olsun ki, çatışmır. Məkan tərtib olunarkən nəzərə alınması gərəkən ilk faktor insan olmalıdır (əsasən də yerli insanlar). Bunun üçün təbii materiallar, məkandakı doluluq-boşluq nisbəti, mühit miqyasında icmanın iştirakı və yerli məşğulluq nəzərə alınmalıdır. Mütləq deməliyəm ki, tarixi mühit çox böyük rol oynayır. Məsələn, İçərişəhər turistləri ən çox cəlb edən tarixi məkandır. Bu onu göstərir ki, tarixi mühitə dəyər verilməli, qorunmalı və ora müasir müdaxilələri azaltmaq, əgər olarsa, çox ciddi diqqət yetirilməlidir Çünki turistləri daha çox cəlb edən yeni binalardan çox mədəni kimlik, tarixi mühitdir. Yeni binalar hər yerdə inşa oluna bilər, danılmaz həqiqətdir ki, bir “hekayə”, bir “tarix” hər yerin öz kimliyidir. Şəhərə gələn turist oranın unikallığına görə gəlir. Şəhəri unikal edən kimlik qorunmalı və daha da ön plana çıxarılmalıdır. Bakının memarlıq tarixi çox rəngarəngdir. Burada erkən kapitalizm, konstruktivizm,stalin ampiri, sosializm kimi dönəmlər var və bu dönəmləri əhatə edən ərazi nisbətən böyük binalardan qorunmalı, inşa olunarkən nəzərə alınmalı idi. Təəssüf ki, bu dönəm nisbətən əldən qaçırılıb. Bakıdakı tarixi mühit böyük miqyaslı binaların əzəməti altında sıxılıb qalıb. Bu isə tarixi mühitin cazibədarlığına kölgə salır. Dünya üzərindən bu vəziyyətə örnək olaraq Parisdəki La Defense ərazisini göstərmək olar. Şəhərin tarixi mühiti qorunub saxlanması adına müasir ofislər yüksək mərtəbəli binalar bu ərazidə yerləşdirilib. Bununla onlar öz tarixlərinə nə qədər diqqət yetirdiklərini göstərirlər. Ümid edirəm ki, bizdə də şəhər mühitinin rifahı, tarixi mühitin qorunması üçün düzgün şəhərsalma strategiyaları inkişaf etdirilər.


Məryəm Məmmədova

Paylaş
Şərh əlavə et