
24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti qonağı psixoloq Fuad Əsədovdur. O, insanların xarici görünüşünə lağ edən insanların psixologiya və şəxsiyyətləri haqqında, bu problemin qaynağından, yaranma səbəbləri və həll yollarından danışıb.
-Bəzən insanlar digərlərinə xarici görüntüsünə görə lağ edir, body shaming edirlər. Bu həmin insanlarda hansı psixoloji durumdan xəbər verir?
-Ümumiyyətlə, body shaming etmək üçün yəni kiminsə xarici görünüşünə görə onu ələ salmaq, onunla pis davranmaq üçün insanda bir çox əskikliklərin olması lazımdır. Birincisi, bu insanın özünün, əlbəttə ki, natamamlıq kimi kompleksləri və özünü təsdiq etmə, tamamlamaq istəyi olmalıdır. Özlərini dəyərsiz olaraq gördükləri üçün antisosial şəxsiyyət pozuntulu insanlar, narsistlər və s. şəxslər qarşılarındakına "Mən çox yaxşıyam" mesajını verərək, başqalarını alçaldaraq edirlər. Məsələnin, həmçinin mənəviyyat və tərbiyə tərəfi də var. Nümunə olaraq, bəhs etdiyimiz hallar məktəblərdə daha çox müşahidə edilə bilər ki, bu da başlıca olaraq ailədən və məktəbdəki uşaqlara aşılanan tərbiyədən asılıdır. Biz, ümumiyyətlə, uşaqlarımıza daha kiçik yaşlarından başqaları ilə empatiya qurmağı, onlarla nəzakətli, etik davranmağı öyrətməliyik. Təəssüflər olsun ki, bunlar da çox önəmli olsa belə, bizdə valideynlərin çoxu təhsilə, uşağın oxumasına, gələcəkdə diplom almasına, ixtisas sahibi olmasına önəm versələr belə, bəzən işin mənəvi tərəfini unudula bilirlər. Məsələn, Yaponiyada 3-4 il uşaqlara hansısa fənlər deyil, nəzakət, mədəniyyət və etik qaydalar öyrədilir. Bundan sonrakı mərhələdə elm öyrədilir və bu olduqca gözəl sistemdir. Bizdə də ən azından ailələrdə və məktəblərdə müəllimlər, yaxud məktəb psixoloqları tərəfindən uşaqlara hələ kiçik yaşlarından etik qaydalar aşılansa, yaxşı olar. Əslində, başqalarının bədən quruluşuna lağ etməyi bir azca dərin düşünə bilməmə problemi olaraq da görə bilərik. Çünki bədənimizdəki çox az detal bizdən asılıdır, kontrolumuz daxilindədir. Məsələn, belimizi dik tutmaq, saçımızı darayıb-daramamaq, səliqəyə salıb-salmamaq və s. bizdən asılıdır, amma ümumilikdə, xarici görünüşümüz bizdən asılı deyil. İnsan bunu anlamalı və başa düşməlidir ki, bu həm də bir az bəxt məsələsidir. Təsadüfən yaraşıqlı və ya gözəl olunur. Kimisinin burnu kiçik, kimininki nisbətən böyük olur. Yəni xarici görünüş genlərdən asılı olsa belə, hansı genlərin dominantlıq etməsi təsadüf məsələsidir. İnsan bunu başa düşəndə anlayır ki, yaraşıqlı və ya gözəl olmaq öyünülməli, tərsi də, utanılacaq ya da ayıblanacaq bir məsələ deyil. Bunu anlayanda body shamingə məruz qalmış insanlar da daha az məyus olmağa başlayırlar. Yəqin ki, onlara da ilk olaraq, aşılanması gərəkən şey budur ki, ümumiyyətlə, gözəllik-çirkinlik, yaxşı-pis anlayışları nisbi anlayışlardır. Kimsə sahib olduğun hər hansı bir detala görə sənə lağ edir, yaxud pis davranırsa, bu həmin insanın xarakterik xüsusiyyətlərindən və zövqündən xəbər verir. Bu, ümumi qərar deyil. Hər kəs bunu etmir və edəcək də deyil. Çünki hər kəs onun düşündüyü kimi düşünmür və hər kəs onun səndə gördüyünü görmür. Həyatda elə şeylər var ki, onları inkişaf etdirməyə daha çox diqqət etmək lazımdır. Bunlara intellekt, mədəniyyət, mənəviyyat və s. daxildir. Əlbəttə ki, bullyingə məruz qalan şəxslərə özlərini tək, çarəsiz hiss etməmələri üçün dəstək göstərmək, anlayışlı və nəzakətli rəftar etməklə onları narahat edən məsələləri danışmaq lazımdır.
Aydan Qasımova
