Dairəvi qulaqları və iri qara burunları ilə ayılara bənzəsələr də, koalalar, əslində, kenquru kimi marsupialların alt sinfidir.
Koalalar harada yaşayır?
Koalalar Avstraliyanın cənub-şərqində və şərqində evkalipt meşələrində yaşayır.
Koalalar nə yeyir?

Koalalar, adətən, yatmayanda yemək yeyirlər. Onlar, ümumiyyətlə, evkalipt ağacından həm yaşayış yeri, həm də qida kimi istifadə edirlər. Hindistan dəfnəsini və qanna ağacı yarpaqlarını da yeyirlər. Gündə 1 kiloya qədər zəhərli evkalipt yarpağı yeyə bilərlər.
Koalaların maraqlı xüsusiyyətləri nələrdir?

Evkalipt yarpaqlarını çox yedikləri üçün evkalipt kimi qoxa bilərlər. Sonradan istifadə etmək üçün yarpaqları yanaqlarında torbalarda saxlaya bilərlər. Koalalarda kor bağırsaq adlı xüsusi lifli həzm orqanı var. Bu orqan insanlarda da mövcuddur, lakin koalalarda daha uzundur (200 sm). Caecum tərkibindəki milyonlarla bakteriya ilə evkalipt yarpaqlarını parçalayır, onları zəhərsiz və həzm oluna bilən edir. Evkalipt yarpaqlarından kifayət qədər su qəbul etdikləri üçün quru dövrlər istisna olmaqla nadir hallarda su içirlər. Koala Avstraliya yerlilərinin dilində "İçki yoxdur" deməkdir. İnsanlar kimi koalaların da barmaq izləri var.
Koalalar neçə saat yatırlar?
Koalalar gündə təxminən 22 saat yata bilir. Onların çox yatmasının səbəbi qidalandıqları evkalipt yarpaqlarının çox aşağı kalorili olmasıdır. Bu səbəbdən evkalipt yarpaqlarından çox az enerji alırlar.
Adətən, gecələr aktiv olurlar. Onların görmə qabiliyyəti zəif olsa da, eşitmə və qoxu hissləri yaxşı inkişaf etmişdir.
Koalalar niyə ağacı qucaqlayır?

Artan hava istiliyi koalalara mənfi təsir göstərir. Buna görə də sərinləmək və sürətli nəfəs almaq üçün tüklərini yalayırlar. Ancaq bu da susuzluğa səbəb olur. Bu səbəbdən koalalar isti havalarda daha sərin olduğu üçün ağac gövdələrini qucaqlamağa üstünlük verirlər.
Koalaların nəsli kəsilibmi?
Yaşayış yerlərinin itirilməsi səbəbindən koalaların sayı getdikcə azalır.
Mənbə: Bilim Genç Tübitak
Tərcümə etdi: Aydan Qasımova
