Fərqli konsepti olan kafelər gənclər arasında çox populyardır. Belə fərqli məkanlar, əsasən, paytaxt Bakının mərkəzində yerləşir. Bu yazımızda sizi həmin kafelər ilə tanış edəcəyik.
"90lar cafe"
"90lar cafe" 2016-cı il sentyabrın 13-dən fəaliyyət göstərir. Sanki zaman maşınında, sehrli xalatınızı geyinib keçmişə gedirsiniz. Uşaqlığı, gəncliyi 90-cı illərə təsadüf edənlər burada özünü yad hiss etməz. Spirtli içki, siqaret və internet olmayan, sizi uşaqlıq illərinizə aparacaq, özünüzü evinizdəki kimi hiss edəcəyiniz, ad günlərinizi keçirmək üçün əlverişli bir məkandır. Qış fəslində məkanda şam gecələri təşkil olunur. İşıqları söndürüb, lampaları yandırırlar. Şam gecəsi saat 18:00-dan 22:00-a qədər, tez-tez işıqların söndüyü "lampa qoxulu" günləri birlikdə xatırlayırsınız. Məkanda uno, domino, lato, şaşki, şahmat oynaya, piano da çala bilərsiniz. Kafedəki uşaqlıq guşəsinə şəklinizi xatirə olaraq vura bilərsiniz. Retro kafe bazar günləri də xidmətinizdədir.

Fəaliyyət göstərir: Saat 10:00-dan 22:00-a qədər.
Ünvan: Bəşir Səfəroğlu 170. Qoqol küçəsi ilə kəsişmə.
Əlaqə nömrəsi: 050-443-03-23
İnstaqram səhifəsi: 90lar_cafe
"Sahhafçı" kitab evi və kafe

Məkana ayaqqabı ilə giriş qadağandır. Sizi 90-lara səyahət etdirəcək, ruhunuzu oxşayacaq məkandır. Saat 11:00-dan 23:00-a qədər xidmət göstərir. Həftəiçi hər gün saat 11:00 - dan 15:00-a qədər menyudan kofe sifariş edən hər kəsə kruasan hədiyyə verilir.
Ünvan: Zərifə Əliyeva 31b, Sahil metrosu yaxınlığında, Muzey mərkəzinin arxası (keçmiş Lenin muzeyi)
Əlaqə nömrələri: 012-493-24-37/077-347-07-17
İnstaqram səhifəsi: sahhafcibookcafe
"Old school cafe and shop"

Kafe 15 fevral 2014-cü il tarixindən fəaliyyət göstərir. Burada Azərbaycan, Gürcüstan, Türkiyə və digər ölkələrdən vintaj əşyalar sərgilənir. Rezerv qəbul edilmir. Tələbə kampaniyası ilə bütün menyuya səhər saat 10:00-dan 12:30-a qədər 30% endirim edilir. Hesabı istəməmişdən öncə tələbə biletinizi göstərməyiniz kifayətdir. Məkanda şahmat turniri keçirilir. Qeydiyyat üçün əvvəlcədən əlaqə saxlayıb, yazılmalısınız.
Ünvan: Əlimərdan bəy Topçubaşov 23.
Fəaliyyət göstərir: saat 10:00-dan 01:00-a qədər
Əlaqə nömrəsi: 070-350-11-70
İnstaqram səhifəsi: oldschoolcafe.baku
"Obraz coffee house"

İncəsənətlə harmoniya edilmiş, nostalji hisləri yaşayacağınız, kino atmosferində, canlı musiqi, sərbəst piano ifaları dinləyəcəyiniz məkandır. Milli kino, teatr, retro mühiti sevənlərin məkanıdır. Kafenin interyeri retro filmləri xatırladır. Məkanda 20:00-da film nümayişi-kino axşamı, xüsusi qonaqlarla söhbət olur. Filmin adı, nümayiş olunacaq gün əvvəlcədən məkanın instaqram səhifəsində paylaşılır.
Ünvan: Nizami küçəsi 70, 112 A(Gənc Tamaşaçılar teatrının, Rəssamlar İttifaqının yaxınlığında yerləşir)
Fəaliyyət göstərir: Saat 09:00-dan 01:00-a qədər.
Əlaqə nömrəsi: 050-616-37-84
İnstaqram səhifəsi: obraz.cafe
"Qori seminariyası"

Məkanda fərqli, masaüstü oyunlar oynaya, kompüterinizi gətirib sakit məkanda çalışa bilərsiniz. Gözəl interyeri ilə könlünüzü oxşayacaq. Kafedə həftənin 2-ci, 3-cü, 5-ci, 6-cı günləri saat 17:00-dan etibarən canlı musiqi dinləyə bilərsiniz.
Ünvan: 28 May metrosu, Səməd Vurğun bağı yaxınlığı, Xəqani 86 A
Əlaqə nömrəsi: 055-380-93-75
İnstaqram səhifəsi: gori.seminary
Hazırladı: Nuran Əhmədzadə
