Bu gün:

Utancaqlığınıza 10 addımda qalib gəlin!


1.Utancaqlığınızı qəbul edin
Həyatda qarşılaşdığımız bütün digər problemlər kimi biz də ilk öncə utancaqlığımızı qəbul etməli və bunun altında yatan səbəbləri öyrənməyə çalışmalıyıq. Utancaqlığın şəxsi və peşəkar həyatımıza necə təsir etdiyini görməliyik.

2.Hansı sahədə  yaxşı olduğunuzu düşünün
Planetdəki bütün insanların özünəməxsus xüsusiyyətləri var. Heç kimdən fərqlənmirsiniz. Dünyaya gəlməyinizin bir səbəbi var və nə qədər faydasız hiss etsəniz də, hər zaman yaxşı olduğunuz bir iş, sahə var.

3.İnsanlarla danışmağa başlayın
Narahat olmayın, biz sizə demirik ki, gedib özünüzü narahat bir mühitə qoyun, ancaq bundan azad olmaq istəyirsinizsə, ən azı bir kiçik addım atmalısınız. Bu addımı atmaq barədə düşünməyə başlamaq elə bir başlanğıcdır. Gəlin sadə olaq, işə gedərkən və işdən dönərkən gördüyünüz insanlara gülümsəməyə çalışın. Və ya tez-tez rastlaşdığınız insanlara "sabahınız xeyir" və ya "salam" deməyə başlayın.

4.Danışacağınız mövzuda araşdırma apararaq biliklərinizi artırın.
Yalnız söhbətdən deyil, sizi qorxudan hər şey haqqında mümkün qədər çox şey öyrənməyə çalışmalısınız. Nələrlə üzləşəcəyinizlə bağlı kifayət qədər məlumat sahibi olmaq, özünüzə inamınızı artıracaq və gərginliyi azaldacaq.

5.Gözünüzdə canlandırın
Sizi narahat edən və gərginləşdirən vəziyyətləri gözünüzdə canlandırmaq qorxunuzun öhdəsindən gəlməyə kömək edir. Məsələn, təsəvvür edin ki, siz kütlə qarşısında mahnı oxuyursunuz.

6.Özünüzü mükafatlandırın
“Müsbət təşviq” psixoloqların yeni vərdişləri şərtləndirərkən istifadə etdikləri tərifdir. Avtobusda tanımadığınız birinə salam vermək, sinfinizdə bir uşaqla danışmaq və bunu etdikdən sonra özünüzü mükafatlandırmaq kimi qarşınıza məqsəd qoyduğunuz zamandır. Bu mükafatlar, hətta pəhriz saxlasanız belə, sevimli şokoladı yemək və ya yeni paltar almaq ola bilər. Bu sizi daha böyük hədəflərə çatmağa həvəsləndirəcək.

7.Danışmağa davam edin
Utancaq insanlar üçün çətin mövzudur, elə deyilmi? Yəqin ki, sadə bir salamlaşmaqdan sonra nə danışacağınızı düşünürsünüz. Söhbəti davam etdirməyin ən asan yolu digər insanı tərifləməkdir. Yalnız onun xatirinə deyil, həm də səmimi sözlər  buzları qırmağa kömək edə bilər. İnsanlar özləri haqqında danışmağı sevirlər, ona görə də nə deyəcəyinizi bilmirsinizsə, az danışın və daha çox sual verin. Onların həyatı, arzu və istəkləri və ya özləri ilə bağlı istənilən sual insanları danışmağa sövq edir.

8.Bir az rahatlayın
Davamlı olaraq, sosial normalara sadiq qalaraq yaşamayın, arada bir sərhədləri unutmaq yaxşıdır.

9.Rədd edilmək həyatın sonu deyil
Rədd edilmək həyatın bir hissəsidir. Oradakı hər kəsin səni başa düşməsini gözləmək olmaz. Bəzən qərəz və ya stereotiplərlə qarşılaşacaqsınız. Amma bunlarla  üzləşmək üçün kifayət qədər güclü olmalısınız. 

10.Özünü sevməyə başla
Utancaq insanların ən böyük problemi onların kifayət qədər yaxşı olduqlarını düşünməmələridir. İçlərində hər kəsin pərəstiş etmək istədiyi bir şeyin olduğuna inana bilmirlər. Hər kəsin öz yaxşı tərəfi var. Özünüzü başqaları ilə müqayisə etməyi dayandırın.

Mənbə: HaberTürk

Tərcümə etdi: Lamiyə Cənnətzadə 

Paylaş
Şərh əlavə et