Bu gün:

“Uğurlu tərcümələr üçün bu iş peşəkarlara tapşırılmalıdır”


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının budəfəki qonağı yazıçı Rəsul İlqardır. O, Azərbaycanda tərcümələrin vəziyyətindən və onları necə düzəltmək lazım olduğundan danışıb.

-Azərbaycanda hansı dillərdən tərcümlərin vəziyyəti yaxşı, hansılardan isə daha pisdir? 

Ümumiyyətlə, hansısa dildən tərcümənin yaxşı, yaxud pis olduğunu demək, məncə, düz deyil. Çünki bütün dillərdə yaxşı və qüsurlu tərcümələr var. Məsələn, ingiliscədən Svetlana Turanın tərcümələri yüksək səviyyədədir. Almancadan Vilayət Hacıyevin tərcümələri qüsursuzdur. İlqar Əlfioğlunun, Etimad Başkeçidin ruscadan çox yaxşı tərcümələri var və onlar uğurlu  tərcümələr edir. Bizim dildə, yəqin ki, ən uğurlu tərcümələr Anadolu türkcəsindən olar, çünki təxminən eyni dillərdir. Bütün dillərdən uğursuz tərcümələr var. Əsasən, ədəbiyyat dünyaya ingilis dilində yayıldığı üçün uğurlu və uğursuz tərcümələr daha çox bu dildən olur. Çox vaxt müxtəlif dillərdən rus və türk dillərinə edilmiş tərcümələrdən bizim dilə çevirmələr də bərbad olur. Görəsən, niyə ölkədə Azərbaycan dilini, onun qaydalarını bilməyən xeyli adam tərcümə ilə məşğul olur. Qüsurları aradan qaldırmaq üçün ilk növbədə, bu iş peşəkarlara tapşırılmalıdır. İkinci, çox əsas məsələ tərcüməçilər ustad dilçilərdən məsləhət almalı, onlarla əməkdaşlıq etməli, öyrənməlidirlər. Məsələn, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, professor Sevinc Əliyeva bu mənada çox yaxşı məsləhət yeri ola bilər. Həmçinin tərcümə olunan əsər mütləq peşəkar redaktor əlindən keçməlidir. Son dövrlər bu sahədə Cəlil Cavanşirin adını çox eşidirəm. Ölkədə Yusif Rzayev kimi ustad redaktor olduğu halda bu işlər axsamamalıdır. Halbuki bu gün qüsurlu tərcümələr artıq Azərbaycan dilinə mənfi təsir etməkdədir. Çünki cəmiyyət qüsurlu tərcümələri oxuyub o dil tərzinə, qaydalara köklənir.

Lalə Mənəfova


Paylaş
Şərh əlavə et