
Tənbəl heyvanlar qarışqa yeyənlərlə yanaşı dişsiz məməlilər dəstəsinə aiddir. Dişsiz məməlilər sırasındakı tənbəl heyvanlar iki alt ailəyə bölünür. Bunlar iki barmaqlı və üç barmaqlı tənbəl heyvanlardır. Dünyada hər iki ailədən altı növ tənbəl heyvan növü var.
Qəhvəyi boğazlıları da üçbarmaqlı tənbəl heyvanlar ailəsinə aiddir. Tənbəl heyvanların əhəmiyyətli xüsusiyyəti bütün günlərini ağaclarda asılaraq və ya ağac budaqları arasında çox yavaş hərəkət edərək keçirmələridir. Nadir hallarda yerə düşürlər. Onlar olduqca yaxşı üzgüçülərdir. Qısa müddətdə uzun məsafələri üzə bilirlər.
Kürklərinin rəngi boz-qəhvəyidir. Onların boğazında və başındakı xəz daha tünd qəhvəyi rəngdədir. Bu xüsusiyyətlər onları digər tənbəl heyvanlardan fərqləndirir. Onların üzlərinin rəngi, adətən, daha solğun olur. Onların alınları ağ rəngdədir. Gözlərinin ətrafında yenotunkinə bənzəyən tünd qəhvəyi xəzdən ibarət bir zolaq dolaşır. Başları kiçik və yuvarlaqdır, burunları isə kütdür. Digər tənbəllərdən fərqli olaraq onların kəsici dişləri yoxdur. Yalnız azı dişləri var.
Həm kişilərin, həm də dişilərin bədən uzunluğu 42 sm-dən 80 sm-ə qədərdir. Qolları ayaqlarının uzunluğundan, demək olar ki, iki dəfə çoxdur. Onların çəkisi 2 kq ilə 7 kq arasındadır. Ön və arxa ayaqlarındakı uzun, əyri pəncələrinin üç barmağı var. Bu pəncələrlə ağac budaqlarını möhkəm tuta bilirlər. Günün təxminən 15-18 saatını yatmaqla keçirirlər.
Onlar ot yeyən heyvanlardır. Üzərində olduqları ağacların yarpaqlarını, çiçəklərini, meyvələrini yeyirlər.
Qəhvəyi boğazlı tənbəllər üçbarmaqlı tənbəl heyvanlar arasında ən çox yayılmışıdır və Cənubi, Mərkəzi Amerikanın meşələrində yaşayır.
Onlar Dünya Təbiəti Mühafizə İttifaqının elan etdiyi Qırmızı Siyahının “Aşağı Risk” kateqoriyasındadır. Bu, təbiətdə onların sayının çox olduğunu göstərir. Amma meşələrin qırılması və brakonyerlik səbəbindən onların sayı günü-gündən azalır.
Mənbə: Bilim Genç Tübitak
Tərcümə etdi: Aydan Qasımova
