Bu gün:

Xoşbəxt olmaq üçün bunları düşünməyin


Joshua Becker-in insanların uğurlarını necə ölçdüyünə dair məqaləsi olduqca, maraqlıdır.

Minimalizm dünyaya baxışımı əhəmiyyətli dərəcədə dəyişdi. Ən əhəmiyyətli dəyişikliklərdən biri cəmiyyətin uğuru necə müəyyənləşdirdiyinə dair şəxsi baxışımın yenidən qiymətləndirilməsi oldu. Resursların böyük hissəsini özləri üçün yaradan, xərcləyən və saxlayan insanlar çox vaxt “uğurlu olanlar” kimi təsvir edilirdilər.

Amma bu, təəssüf doğurur. Tanıdığım ən yaxşı insanlardan bəziləri bu vəziyyətdə uğurlu hesab edilmir, çünki onlar öz resurslarını maddi şeylərə daha az xərcləməyi üstün tuturlar.

Bu insanların sayı azdır və ya ən azından onlara kifayət qədər diqqət yetirilmir. Bunun əvəzinə başqalarının heyranlığını və təqdirini qazanmağı düşünənlər diqqət çəkir. Buna görə də insanların çoxu müvəqqəti və dünyəvi nailiyyətlərə meyl edirlər.

Düşünürəm ki, artıq buna aldanmamağımız çox vacibdir və buna görə də artıq mənə təsir etməyən məsələlərin siyahısını sizinlə bölüşmək istəyirəm:

Geyim markaları

İnsanlar reklam lövhələrində gəzmək üçün əlavə pul ödəyirlər. Paltar və ya aksessuarların üzərindəki loqo və adların artıq mənim üçün heç bir əhəmiyyəti yoxdur. Bunun əvəzinə, mən moda anlayışına sahib olanları, xarakterləri, davranışları və üslubları ilə təsir etməyə çalışan insanlara meyl edirəm.

Zərgərlik karatları

Kitabımın fəsillərindən birində Brayan və Nikolun hekayəsini danışıram. Beş ildir evli olan cütlük hələ də toy borclarının qalan hissəsini, xüsusən də Nikolun barmağındakı daşın sonsuz kreditini ödəmək üçün fədakarlıqlar edirlər. Birinin barmağındakı daşı bəziləri görsə də, insanların çoxu buna əhəmiyyət vermir.

Avtomobilin qiyməti

İstənilən nəqliyyat vasitəsinin məqsədi insanları A nöqtəsindən B nöqtəsinə təhlükəsiz şəkildə çatdırmaqdır. Etibarlılıq vacibdir, rahatlıq da vacibdir, xüsusilə içəridə çox vaxt keçirirsinizsə. Lakin əksər dəbdəbəli avtomobillər başqa bir motivasiya üçün satılır, onların məqsədi artıq yalnız nəqliyyat deyil. Doğrudanmı işıqforda 60 saniyə ərzində tanımadığınız insanların diqqətini cəlb etmək sizin üçün güc və uğur əlamətidir?

Evin kvadrat metri

Evlər sığınacaq və sabitlik təmin edir. Həyatımda bir neçə evə sahib olmaq və ailəmə ev vermək qürurunu yaşamaq şansım oldu. Amma bu prosesdə getdikcə, balaca evlərə üz tutduq və heç vaxt peşman olmadıq. Bu gün hər dəfə böyük bir evin yanından keçəndə yalnız kiçik evimizdə necə xoşbəxt və dinc olduğumuzu düşünürəm.

Bank hesabı

Bu gün uğurun ən son ölçüsü şəxsi sərvətdir. Yeri gəlmişkən, biz birinci deyilik - bu standart zamanın əvvəlindən demək olar ki, hər bir cəmiyyətə aiddir. Amma bu tədbirin yanlış olduğunu düşünməyə başlayıram. Bank hesabındakı qalıq uğurun ölçüsü ola bilərmi? Əvəzində həyatımız boyu topladığımız yaxşılıq əsl uğurun ölçüsü olmalı deyilmi?

Mobil telefon modeli

Ötən gün uşaqlarım və onların bir qrup dostları ilə parkda vaxt keçirirdim. Eşitdiyim ən çox təkrarlanan söhbətlərdən biri texnologiyanın müqayisəsi oldu. “Hansı iPhone-dan istifadə edirdik? iPodumuz hansı modeldi? Təsəvvür edin, ad günü hədiyyəsi olaraq iPad kim alıb? 10 yaşından kiçik uşaqların elektron cihazları müqayisə etməyə sərf etdiyi bütün vaxtı görmək narahatedici idi. Nə qədər onları qınamaq, islah etmək istəsəm də yadıma düşdü ki, biz böyüklərdən də vəziyyət fərqli deyil. Biz cib telefonlarını müqayisə etmirdiksə, noutbuklarımızın sürətini və ya televizorlarımızın ekran ölçüsünü müqayisə edirdik.

Sosial media hesablarındakı fotolar

Demək olar ki, hər kəs sosial mediada öz gözəl təcrübələrini və fotolarını paylaşmaq üçün yarışmağa davam edir – yeni geyimlərdən tutmuş restoran yeməklərinə və hətta təyyarə qanadlarına qədər. Bu şəkillər həyatımızın ən həyəcanlı anlarından müntəzəm olaraq seçilən və paylaşılan anları nümayiş etdirir. Üstəlik, paylaşmadan əvvəl daha da yaxşı görünmələri üçün redaktə edilir və dəqiqələrlə oynanılır. Sosial media üçün öz həyatımızı fotoşop edirik.

Mənbə: Habertürk

Tərcümə etdi: Samirə İsmayılova

Paylaş