Bu gün:

Frida Kahlo kimdir?


Dünyaca məşhur meksikalı rəssam Frida Kahlo sadəcə Frida adı ilə adlandırılır. Tam adı Magdalena Carmen Frida Kahlo Calderon olan məşhur sənətçi 20- ci yüzilin populyar ikonu halına gəldi. Əsrin populyar mədəniyyətinin simvolu oldu. Rəsmlərindən başqa, təlatümlü şəxsi həyatı və siyasi baxışları ilə tanınır.Frida Kahlonun maraqlı həyat hekayəsi...

Frida Kahlo 6 iyul 1907-ci ildə Mexiko şəhərinin Coyoacan bölgəsində anadan olub və 47 yaşında həyatının maraqlı bir hekayəsini danışdı. 

Sol görüşlülüyü ilə tanınan Frida, ad gününü Meksika inqilabının baş verdiyi 7 iyul 1910-cu il günü elan etdi. Həyatının müasir Meksikanın yaranması ilə başlamasını istədi.

Taxta ayaqlı Frida” ləqəbi hardan gəldi?

Hələ 5 yaşında ikən atası ilə gəzərkən ayağı ağacların köklərinə ilişdi yerə yıxıldı. Bu hadisədən sonra onun ayağı zədələndi. Ayağında əlilliyi olan Frida “taxta ayağı olan Frida” ləqəbini aldı.

Frida bu acı hadisəni aşağıdakı sözlərlə təsvir etdi: 

Çapultekdəki, düşməyimlə sonradan yaşadıqlarım arasında hansı əlaqənin qurulacağını bilmirəm. Ancaq bir şey dəqiqdir ki, ağrı ilk dəfə o gün bədənimə girdi”.

Həyatını dəyişdirən avtobus qəzası

19 yaşında ovaxtkı, sevgilisi Alejandro Gomez ilə getdiyi avtobusdan çətirini unutduğu üçün düşəndə və başqa bir avtobusa minəndə həyatı dəyişdi. 

17 sentyabr 1925-ci ildə məktəbdən evə getdiyi avtobusun tramvayla toqquşması nəticəsində bir çox insanların öldüyü qəzada tramvayın dəmir barmaqlıqlarından biri Fridanın sol budundan girib çanağından çıxdı. Qəzadan sonra bütün həyatını xəstəxanalarda və həkimlərdə keçirən Frida; onurğasında və sağ ayağında davamlı ağrı ilə yaşayırdı. Ömrü boyu tam 32 dəfə əməliyyat olundu və 1954-cü ildə poliomielitdən şikəst olan sağ ayağı qanqrena ilə amputasiya edildi.

Qəzadan bir ay sonra xəstəxanadan çıxan Kahlo, ailəsinin dəstəyi ilə çətinlik və ağrıdan qaçmaq üçün rəsm çəkməyə başladı. O, çarpayısının tavanındakı güzgüyə baxaraq avtoportretlər çəkirdi. İlk avtoportreti "Məxmər paltarda avtoportret“ dir (1926).

Onun böyük sevgisi Dieqo

Rəsm çəkməyə davam edən Kahlo, eyni dövrdə dostu Tina Modotti vasitəsi ilə Meksikada Michelangelo adı ilə tanınan məşhur rəssam Diego Rivera ilə tanış oldu və rəsmlərini ona göstərdi.

Frida Milli hazırlıq məktəbində oxuyarkən qadınlara olan sevgisi ilə tanınan Rivera, freska çəkmək üçün məktəbə gəldi. Və Frida üç saat bu nəhəng insanın fırçasına baxdı və ayrılmadan onu seyr etdi. Sonra dostlarına “Riveradan bir uşağım olacaq" dedi...

Aralarında romantik bir münasibət olan iki sənətçi 21 avqust 1929-cu ildə evləndi. Frida Riveranın üçüncü arvadı oldu. Evlilikləri “fil və göyərçin evliliyi” ilə müqayisə edildi.

Uşaq itkisi

Cütlüyün həyəcanlı evlilik həyatı olub. Sağlamlıq problemləri və ardıcıl olaraq bir uşağını abort etməsi və iki uşağını düşürməsi Fridaya pis təsir etdi. Frida 1939-cu ildə həyat yoldaşının xəyanəti ilə ondan ayrıldı, lakin bir il sonra yenidən evləndilər və Fridanın uşaqlığını keçirdiyi “mavi evə” yerləşdilər. Frida rəsmlərində uşaq itkisini də əks etdirdi.

Sağlamlığı tez-tez pisləşən Frida, dözülməz ağrının öhdəsindən gəlmək üçün əlindən gələni etdi. Yalnız ölkəsində deyil, Amerika və Fransada da sərgilər açmışdı. 1938-ci ildə Nyu-Yorkda açdığı sərgi ona böyük şöhrət qazandırdı, 1939-cu ildə Paris sərgisində bəyənildi.

Bədii həyatında əri, məşhur rəssam Dieqo Riveradan geri qalmış kimi görünsə də, həqiqət əksinədir.

1943-cü ildə “Esmeralda” adlı yeni bir sənət məktəbində dərs deməyə başlayan Frida, sağlamlığının pisləşməsinə baxmayaraq on il müəllimlik etməyə davam etdi. Səhhətinə görə Mexiko şəhərinə gedə bilmədiyi üçün evdə mühazirə oxudu. Şagirdlərinə “los Fridos” (Fridanın şagirdləri) deyilirdi.

1948-ci ildə yenidən Meksika Kommunist partiyasına qoşulmaq üçün müraciət etdi və müraciəti qəbul edildi.

Frida Kahlonun 143 rəsm əsəri var; bunlardan 55-i avtoportret janrındadır. Ömrünün çox hissəsini yatağında başının üstündəki güzgüyə baxaraq keçirən  üçün bu normal görünə bilər, amma bu portretlər heç də adi deyil. Frida “Mən təkəm. Özümdən yaxşı birini tanımıram“,- deyirdi.

Frida Kahlo 13 iyul 1954-cü ildə ağciyər amboliyası diaqnozu ilə son nəfəsini alanda; geridə qoyduğu son rəsm əsəri “yaşasın həyat” adlı natürmort idi. Son sözləri gündəliyində yazdığı aşağıdakı cümlə idi:

Ümid edirəm ki, çıxış yolu yaxşı olacaq və heç vaxt geri qayıtmayacağam”.

Cənazəsi ertəsi gün yandırıldı. Külləri  “mavi ev” də saxlanılır. Mavi Ev 1955-ci ildə Rivera tərəfindən dövlətə bağışlandı. İndi muzey olan evdə Fridanın əşyaları sərgilənir.

Mənbə: NTV

Tərcümə etdi: Aysu Əsədova




 

Paylaş
Şərh əlavə et