Rusiya tərəfindən işğal olunmuş Oleşki şəhərindən təxliyə edilən sakinlər Ukraynanın nəzarətində olan Çerniqov vilayətinə çatıb. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.

24media.az BBC.news-a istinadən xəbər verir ki, cəbhə xəttində yerləşən şəhərin sakinləri qida, su və elektrik enerjisi çatışmazlığı ilə üzləşib. Sağ qalmaq üçün onların bir qismi bağlarda bitən alaq otlarını yeməyə məcbur olub.
Zelenski ABŞ-nin birinci xanımı Melaniya Trampa yerli atəşkəsin əldə olunmasına kömək etdiyi üçün təşəkkür edib. Atəşkəs sakinlərin təxliyəsinə və şəhərdən çıxan yolun minalardan təmizlənməsinə imkan yaradıb. Təxliyə olunanlar əvvəlcə Rusiya ərazisinə, oradan isə Belarusun Qomel şəhərinə aparılıb. Daha sonra Ukraynanın şimal sərhədindən ölkəyə daxil olublar. Cümə günü 750 nəfər üçün nəzərdə tutulan 25 avtobusdan ibarət karvan şəhərdən yola düşüb.
Müharibədən əvvəl 24 min nəfərin yaşadığı Oleşki şəhəri Rusiyanın 2022-ci ildə başladığı genişmiqyaslı işğalın ilk günlərində ələ keçirilib. Şəhərə humanitar yardım çatdırmaq çətinləşib, çıxış yolları isə minalanma və dron hücumları səbəbindən təhlükəli olub.
Ukraynanın insan hüquqları üzrə ombudsmanı Dmitro Lubinets bildirib ki, şəhərdə qalmağa qərar verən sakinlər də zəruri humanitar yardımla təmin olunacaqlar. Zelenski təxliyənin həyata keçirilməsinə kömək edən Lubinetsə və onun komandasına təşəkkür edib.
Banuçiçək Qurbanova
