90 yaşlı yapon bodibilder Toşisuke Kanazava cümə günü İspaniyanın Kosta-del-Maresme bölgəsində səhnəyə çıxaraq, yaşın yüksək fiziki formaya çatmaq üçün heç bir maneə olmadığını sübut etməyə çalışıb.

24media.az Reuters-ə istinadən xəbər verir ki, o, Beynəlxalq Fitnes və Bodibildinq Federasiyası tərəfindən təşkil edilən yarışda 50 yaş və yuxarı idmançılar üçün nəzərdə tutulan "masterlər" kateqoriyasında özündən onilliklərlə gənc rəqiblərlə mübarizə aparmaq üçün sahil qəsəbəsi olan Santa-Susannaya səfər edib.
Səhnə arxasında Kanazava gənc rəqibləri kimi hazırlaşıb. Komandası ilə birlikdə isinmə hərəkətləri edib, bədəninə xüsusi qaraldıcı sprey çəkib və nəhayət, səhnə işıqları altında əzələlərini nümayiş etdirib.
"Mən başqalarının etmədiyi şeyləri sınamağı sevirəm. Ən əsası isə, ömrümün sonuna qədər bodibildinqlə məşğul olmaq istəyirəm", – deyə Kanazava bildirib.
Kanazava uzunömürlülüyünü və fiziki formasını ciddi qidalanma rejiminə borclu olduğunu deyir. Onun sözlərinə görə, onilliklər əvvəl müəyyən etdiyi bu rejim onun sağlam və gümrah qalmasını təmin edib.
"Bu, üzərində araşdırma apardığım və daha çox öyrənmək istədiyim bir mövzudur. 50 yaşım olandan bəri sırf yaponsayağı qidalanaraq – qəhvəyi düyü, natto (fermentasiya olunmuş soya paxlası) və miso şorbası yeyərək əzələ kütləmi artırıram", – deyə o qeyd edib.
"Bu, əslində klassik yapon qidalanma tərzidir. Məhz bunun sayəsində 90 il ərzində heç vaxt xəstələnməmişəm."
O, fəxri kürsüyə çıxa bilməsə də, idman sahəsindəki sərhədləri genişləndirməyə davam edir və yarışlardan tamamilə ayrılmazdan əvvəl daha bir dəfə səhnəyə çıxmağı planlaşdırır.
"Düşünürəm ki, 93 yaşımda bir daha cəhd edə bilərəm. Bundan sonra, yəqin ki, karyeramı bitirməli olacağam", – deyə o bildirib.
"İnsan yaşlandıqca dərisində qırışlar əmələ gəlir, özü də kifayət qədər çox. Yaponiyada belə bir fikir var ki, qırışlar peyda olanda bu, artıq o qədər də xoş görünmür."
Kanazava ümid edir ki, onun əzmkarlığı yaşlı nəsilləri aktiv qalmağa və ənənəvi sərhədlərə meydan oxumağa ruhlandıracaq. "Bir şeyi qarşınıza məqsəd qoydunuzsa, nə olursa-olsun, onu sona çatdırmaq üçün zehni güc və əzm formalaşdırmalısınız," – deyə Kanazava bildirdi.
"İstəyirəm ki, insanlar da mənim kimi çox çalışsınlar. İnanıram ki, belə etsələr, onlar yaşa dolsalar belə, mənim kimi insanların sayının artdığını görəcəyik. Mənim ümidim budur və mən yaxşı bir nümunə olmaq istəyirəm."
Aygül Alıyeva
