
Fransanın Auvers-sur-Oise kəndi Hollandiyalı rəssam Vinsent Van Qoqun intiharla başa vurduğu həyatının son ünvanı olub. O, 37 illik həyatında 38 ünvan dəyişib. Son ünvanı olan bu kənddə iki ayda 80 əsər hazırlayıb.
30 mart 1853-cü ildə Hollandiyanın Zundert şəhərində anadan olan rəssam Van Qoq 29 iyul 1890-cı ildə Fransanın paytaxtı Parisdən 50 kilometr aralıda yerləşən Auvers-sur-Oise şəhərində vəfat edib. “Yeni impressionizm” kimi tanınan post-impressionizm cərəyanına bağlı olan sənətçi Belçika, Hollandiya, İngiltərə və Fransada 38 fərqli yerdə yaşayıb.
Van Qoq 1886-cı ildə Parisə gəlir və impressionizm hərəkatı ilə tanış olur. Bundan sonra o, rəsmlərində daha canlı rənglərdən istifadə etməyə başlayır.
Parisdə olduğu 2 il ərzində müxtəlif rəssamlarla tanış olmaq fürsəti tapan Van Qoq "Pere Tanguy" adlı butikdə, həmçinin dövrün məşhur kafeləri "La Fourche" və "Le Tambourin"-də rəsmlərini sərgiləyib. Bir müddət paytaxtdan uzaqda olan Van Qoq ruhi xəstəliyinə görə müalicə alır və müalicəsi zamanı, sonradan portretini çəkdiyi Doktor Pol Qaçetlə tanış olur. Qaçetin adını daşıyan portret məşhur rəssamın şah əsərlərindəndir.
Van Qoq təbiətlə iç-içə olan Auvers-sur-Oise-də 2 ayda 80-ə yaxın əsəri təsvir edib, bu da onun sənətinə ilham verib. Rəssam bu kəndin bələdiyyə binası, küçə pilləkənləri, kilsəsi kimi strukturları çəkmiş, “Auversdə kilsə”, “Auvers pilləkənləri”, “Auversdə bələdiyyə binası” adlı əsərlər yaratmışdır. Bu tikililər hələ də bir əsrdən artıqdır ki, öz original formasını qoruyub saxlayır. Bundan əlavə, Van Qoqun rəsmlərində çəkdiyi şəhərin tarlaları və cığırları eyni vəziyyətdə qalır.
Rəssam qaldığı pansiona rəhbərlik edən Adeline adlı Ravoux ailəsinin 13 yaşlı qızının portretini də çəkib. Van Qoqun ən son rəsm əsəri “Ağacın Kökləri”-dir.
28 iyul 2020-ci ildə, ölümündən 130 il sonra, Auvers-sur-Oise kəndində rəssamın çəkdiyi ağac köklərinin olduğu yer aşkar edilib.
Mənbə: Sözcü
Tərcümə etdi: Lalə Mənəfova
