Bu gün:

Nəhəng pandalar


Utancaq və oynaq olması ilə tanınan və hazırda cəmi 2000-ə yaxın olan nəhəng pandaları (Ailuropoda melanoleuca) bilirsinizmi?



Nəhəng Pandaları necə tanıya bilərik?

Nəhəng pandaların qulaqları, gözləri, qolları, ayaqları və çiyinləri qara tüklərlə örtülmüşdür. Bədənlərinin qalan hissəsi ağ rəngdədir. Onların bədənləri qısa və dolğundur. Başları yuvarlaq, qulaqları yuvarlaq və kiçikdir. 

Nəhəng pandalar harada yaşayır?

Onlar bambuk meşələrində, o cümlədən, qarışıq iynəyarpaqlı ağaclarda, Çinin dumanlı və yağışlı dağlarında yaşayırlar.

Nəhəng pandalar nə yeyir?

Bambuk onların qidasının 99%-ni təşkil edir. Bambukdan başqa, balıq, kiçik məməlilər, meyvə və digər otlarla da qidalana bilərlər.

Onlar az qidalı bambukla qidalandıqlarına və sellülozu həzm etmək üçün fermentlərə malik olmadıqlarına görə bambukdan az enerji və zülal alırlar. Buna görə də, gündəlik enerji ehtiyaclarını çox tez və çox miqdarda bambuk yeyərək qarşılayırlar. Onlar qidalanma üçün gündə təxminən 12-14 saat vaxt sərf edirlər və gündə 38 kq-a qədər bambuk yeyə bilirlər. 

Nəhəng pandaların maraqlı xüsusiyyətləri nələrdir?

Hündür ağaclara dırmaşmağı bacarırlar və çox yaxşı üzgüçüdürlər. Onlar tənbəl, utancaq və oynaqdırlar. Analar balalarını oynamaq üçün oyada bilər. Qəhvəyi ayılar kimi ayı ailəsinə aiddirlər. Çoxalma mövsümü istisna olmaqla, adətən, tək gəzirlər. 

Nəhəng pandaların nəsli kəsilibmi?

Brakonyerlik onların yaşayış yerlərinin turizm mərkəzlərinə çevrilməsi və bambuk meşələrinin azalması nəhəng pandaları nəsli kəsilmək təhlükəsi ilə üz-üzə qoyub. Ona görə də qorunurlar. Pandalarla saatlarla oynayacaq, onları qucaqlayacaq insanlar qorunub saxlandıqları institutlarda işə götürülə bilərlər. Bu yolla pandalar özlərini təhlükəsiz hiss edirlər.

Nəhəng pandalar qış yuxusuna gedirmi?

Nəhəng pandalar qışda qış yuxusuna getmirlər, baxmayaraq ki, onların bədən temperaturu qışda bir neçə dərəcə aşağı düşür.


Mənbə: Bilim Genç Tübitak

Tərcümə etdi: Aydan Qasımova


Paylaş
Şərh əlavə et