Özünəməxsus görünüşü ilə səmada asanlıqla müşahidə oluna bilən Trifid Dumanlığını kiçik bir teleskopun köməyi ilə müşahidə etməyə cəhd edə bilərsiniz.

Şəkildə astronomlar tərəfindən Messier 20 adlandırılan Trifid Dumanlığıdır.
Trifid Dumanlığı belə adlandırılmışdır, çünki dumanlığın qarşısındakı ulduzlararası toz dumanlıqdan gələn işığı bloklayır və onun üç hissədən ibarət kimi görünməsinə səbəb olur. Fərqli görünüşü ilə səmada asanlıqla tanınan Trifid Dumanlığı 1764-cü ildə Charles Messier tərəfindən kəşf edilmişdir. Trifid Dumanlığı yeni ulduzların sıx şəkildə əmələ gəldiyi bölgə kimi tanınır. Dumanlığın mərkəzindəki gənc, isti, kütləvi və parlaq ulduzlar asanlıqla aşkar edilir. Bu ulduzlardan yayılan ultrabənövşəyi şüalar onların ətrafında toz və qaz buludunu formalaşdırır. Trifid Dumanlığı Yerdən təxminən 9000 işıq ili uzaqlıqda yerləşir. Göydəki Oxatan bürcündə tapa biləcəyiniz dumanlığı müşahidə etmək üçün ən yaxşı ay avqustdur. Adi gözlə görülməsə də, kiçik bir teleskopun köməyi ilə dumanlığı müşahidə etməyə cəhd edə bilərsiniz.
Mənbə: Bilim Genç Tübitak
Tərcümə etdi: Aydan Qasımova
