İsrailin Azərbaycandakı səfiri Ronen Kraus avqustun 5-6-da Gəncə və Mingəçevir şəhərlərinə səfər edib.
24media.az xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.
Məlumata görə, Gəncəyə səfəri çərçivəsində səfir şəhərin mədəni və tarixi məkanları ilə tanış olub. O, Ermənistanın raket hücumları nəticəsində həlak olan mülki şəxslərin xatirəsinə ucaldılmış Memorial Kompleksini ziyarət edib, həmçinin Gəncə Şərab Zavodunda və Nizami Gəncəvinin məqbərəsində olub.
Səfər zamanı Ronen Kraus Göygöl rayonuna da baş çəkib. Burada o, bölgənin alman irsi və yerli kənd təsərrüfatı müəssisələrinin fəaliyyəti ilə tanış olub.
Mingəçevirdə səfir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovla görüş keçirib. Görüşdə şəhərin sosial-iqtisadi inkişafı, sənaye və enerji potensialı barədə məlumat verilib, həmçinin gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
Ronen Kraus daha sonra Mingəçevir Sənaye Parkını ziyarət edərək burada fəaliyyət göstərən müəssisələr, icra olunan sənaye layihələri və şəhərin sənaye potensialı ilə tanış olub.
