Bu gün:

Husilər Səudiyyə Ərəbistanına raket zərbəsi endirdiklərini açıqlayıblar


İranın dəstəklədiyi husilər Səudiyyə Ərəbistanının cümə günü qruplaşmaya bağlı hədəflərə endirdiyi zərbələrdən sonra bu ölkəyə raket hücumu təşkil etdiklərini bəyan ediblər. Şənbə günü səhər saatlarında husilərin "Ansarollah" mediası "Telegram" vasitəsilə Yəmən raket zərbəsinin Səudiyyənin Cizan şəhərində yanğınlara səbəb olduğunu açıqlayıb.


Bu gərginlik Səudiyyə Ərəbistanının Yəmənin Hodeyda liman şəhərindəki və yaxınlıqdakı adada husi hədəflərinə hava zərbələri endirməsindən sonra baş verib. Buna cavab olaraq qruplaşma qisas alacağını bildirib. Hadisələr fonunda iki həftə ərzində ilk dəfə olaraq ABŞ və ya İran tərəfindən regionda gecə yarısı hava zərbələri qeydə alınmayıb.

ABŞ ordusu ardıcıl 13 gecə həyata keçirdiyi hücumlardan sonra şənbə günü İrana qarşı yeni zərbələr endirmədiyini açıqlayıb. Bununla belə, Ağ Evdə jurnalistlərə danışan prezident Donald Tramp həm hərbi əməliyyatların davam etdirilə biləcəyini, həm də danışıqların aparıldığını qeyd edib. O, ABŞ və İran arasında ötən ay imzalanmış 14 bəndlik Anlaşma Memorandumunun iflasa uğradığını və gərginliyin hələ də yüksək qaldığını vurğulayıb.

Digər tərəfdən, Yəmən husilərinin Qırmızı dənizdə gəmiçiliyə yönəlmiş yeni təhdidləri neft qiymətlərinin artmasına səbəb olub. Lakin cümə günü günortadan sonra iki Çin gəmisinin Bab əl-Məndəb boğazından uğurla keçməsi ilə Brent markalı neftin qiyməti bir qədər ucuzlaşaraq 96 dollardan aşağı düşüb. Gələn həftə London konfransında Hörmüz boğazı ilə bağlı məsələlərin müzakirəsi gözlənilir.


Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva




Paylaş
Şərh əlavə et