Bu gün:

"Məşhur olandan sonra mənə olan münasibət dəyişdi" - Nadir Rüstəmli ilə Müsahibə


24Media.az - ın budəfəki qonağı “Səs Azərbaycan” yarışmasının qalibi, “Avroviziya-2022" mahnı müsabiqəsinin təmsilçisi Nadir Rüstəmli olub.

Ötən il “Avroviziya” mahnı müsabiqəsində iştirak etmişdiniz. Bu yarışda iştirak etməyiniz sizin yarışdan sonrakı fəaliyyətinizə necə təsir göstərdi?

Daha çox məqsədyönlü oldum, üstümə düşən məsuliyyətlər artdı, çünki daha çox izləyici kütləsi məni izləməyə başladı. Hətta öz sosial şəbəkəndə belə nəsə paylaşanda qorxa-qorxa, kompleksli şəkildə paylaşırsan, çünki səni izləyənlər sənə inanır. Ona görə məsuliyyətlər ikiqat, hətta üçqat artır, həmçinin, daha çox işləməlisən, çünki belə bir stereotip də var: “Avroviziyadan sonra hamı gəlir, elə olduğu yerdə də qalır”. Buna görə də, gərək, öz üzərində işləyəsən.

Prodüseriniz ilə niyə yollarınızı ayırmısınız?

Bayaqkı sözümün davamını gətirim, bu sualı da cavablayacağam. 

Hamının beynində olan bir şablon mesaj var ki, Avroviziyadan sonra hamı olduğu yerdə qalır. Bu mesajı səhv çıxarmaq üçün dayanmadan işləmək məcburiyyətindəsən. Bu kimi məsuliyyətlərim artdı. 

Sualın cavabına gəldikdə. Birlikdə işlədik, gördük alınmır, məcbur yollarımızı ayırdıq.

Yola getmədiniz?

Yox, yola gedirdik, biz dost idik və problem də yoxdur aramızda. Sadəcə, işi dayandırdıq, çünki gördük ki, iş getmir. İndi özümə daha professional komanda yığıram. Və təkliflərə açığam, sizin vasitənizlə bunu da deyim.

Bəs məşhur olandan, tanınandan sonra ətrafınızdakı insanların, dostların, tanışların sizə qarşı münasibəti dəyişdi?

Əlbəttə, insanların mənə münasibəti dəyişdi, çünki artıq mən uşaqlıqdan musiqinin içindəyəm, yəni musiqiyə sevgim olub həmişə. Məktəb vaxtından, sonra universitet, sonra yavaş-yavaş işləri artırmışam beynəlxalq səviyyəyə, “Youthvision” mahnı müsabiqəsində Azərbaycanı təmsil eləyib ikinci yerə çıxmışam. Sonra “Səs Azərbaycan”-filan, yavaş-yavaş artdıqca artıq Nadir məktəb vaxtında oxuyan Nadir deyildi, artıq sənə bir az başqa cür yanaşırdılar. 

Sizcə mahnının lirik olması, Azərbaycanın ön sıralarda olmamasına təsir göstərdi?

Yox, deməzdim. Məncə, qalibiyyət lirikaya yaxud da ritmikliyə baxmır, mahnı həmin vaxt sadəcə hit olmalıdır, zövqə uyğun olmalıdır. Zövqlər hər il dəyişir və bu, çox yaxşıdır, əslində, çünki insanlar monotonluqdan çıxır. Ona görə, mahnının ön sıralarda olmama səbəbi, onun lirik olmağı yox, strukturu ola bilər. Başqa bir səbəblər ola bilər ki, mahnı sevilməyə bilər. 

Amma mahnını çox sevdim və sevənlər də var. Günü bu gün mənə hələ xaricdən, Azərbaycandan nə qədər yazanlar var. Hətta mən xarici vətəndaşdan belə bir mesajlar alıram, məsələn: “Fade to Black” mahnısı mənim həyatımı xilas elədi”. Mahnı onun həyatında bilmirəm necə bir dəyişiklik edibsə o, bunu yazıb.

Bəs sizcə, Azərbaycan dünyada gedən proseslərin fonunda bu il yarışmada neçənci yerə çıxa bilər?

Məncə, top 10-luğa düşərik. Ümidvaram ki, düşərik, mən buna inanıram.

Avroviziyada qurulan səhnənin, yaxşı nümayişin səs vermə prosesinə nə dərəcədə təsiri var?

Çox təsiri var. “Staging”(steycinq) deyirlər ona, yəni səhnələşdirmə. “Avroviziya” televiziya şousudur, əslində, televiziya yarışmasıdır, vokal yarışması deyil. Adından da göründüydü kimi, “EUROVISION SONG CONTEST”, yəni Avroviziya mahnı müsabiqəsi, ona görə “staging”in də orda böyük rolu var. 

Səhnəni oxuduğun mahnıya uyğunlaşdırmalısan, hamının diqqətini çəkən bir səhnə olmalıdır. Bəlkə də, bizim səhnəmizdə də problem var idi, mahnımın yaxşı yerlərdə olmamasına təsir elədi.

Siz onlardan götürmüşdünüz bu səhnəni yoxsa təsadüfən üst-üstə düşdü?

Mənim səhnə rejissorum Mads bunu fikirləşdi. O, “America’s Got Talent”də işləyən mütəxəssisdir, çox istedadlı insandır. O, ideyanı hazırladı və səhnəni qurdu. 

Fərid Məmmədov isə görün neçənci ildə olub, ona görə onun aidiyyəti yox idi. Sadəcə, bunu bizə təklif elədi, biz də bu səhnəni bəyəndik. Sonradan baxdıq, özüm də gördüm ki, bir az oxşarlıq var.

“Avroviziya”dan sonra dinləyicilərinizə, mütəmadi olaraq, yeni mahnılarınızı təqdim edirsiniz. Müsabiqədən sonra paylaşdığınız və paylaşmadığınız neçə   mahnı hazırlamısınız? Və bundan sonra nə cür mahnılar təqdim etmək fikrindəsiniz?

Təxminən, 6-7 ədəd mahnım var. Lakin, təqdim elədiyim “Avroviziya” mahnım ilə birlikdə 4 mahnım var, “Fade To Black” Avroviziya mahnım, “İzin Qalacaq”, “Lənətli Şəhər” və bu yaxınlarda Sivva ilə bizim “Əbədi Sevgi” adlı duetimiz oldu. Türk dilində olacaq bir mahnımız daha var, bu yaxınlarda onu vitrinlərə buraxacağam. Başqa bir mahnı da var, bunu yay üçün planlaşdırıram, artıq hazırdır. Başqa bir mahnının da üzərində işləyirik, bu, bir az daha da ritmik olacaq.

İfa etdiyiniz, repertuarınıza aid olan mahnıların sizinlə bənzərliyi var? Yaxud sizin tam tərsiniz olan mahnı var? 

“Fade To Black” mahnısının mənimlə əlaqəsi var idi, o mahnını ona görə  sevmişdim. Mahnını hiss edərək oxuyurdum. “Lənətli Şəhər” mahnısının sözləri və musiqisi özümə aiddir. Sözlərin yazılışında Kənan İbralinin, musiqisində Nurlan Alterwessin də rolu var. 

Mahnının sözlərini içdən, yaşayaraq yazmışam, yaşayaraq da oxuyuram, çünki elə bir münasibət yaşamışam.

“İzin qalacaq” mahnısı ayrılıqdan bəhs edir. Mahnının sözləri mənə aid deyil, keçmiş prodüserimə aiddir, Sadəcə, musiqisi mənə aiddir. Onu çox sevirəm deyə oxudum.

İndi türk dilində mahnım yayımlanacaq. O mahnının da mənə uyğunluğu, yaxınlığı var. Sözləri Kənan İbrali, musiqisi mənə, aranjimanı isə Nurlan Alterwessə aiddir. İnşallah ki, çalışacam elə aprel ayında, maksimum may ayında təqdim edim.

Bildiyimiz kimi, siz biznes sahəsində təhsil almısınız. Musiqi sahəsində ali təhsilinizin olmaması sizə incəsənət fəaliyyətinizdə çətinlik törədirmi?

Turizm və Menecment Universitetində biznesin idarəsi fakültəsini bitirmişəm. Musiqidə ali təhsilim yoxdur, amma hələ məktəb vaxtından piano təhsilim olub. Bir-iki ay kimi müddətdə Nailə Mirməmmədli ilə səs məşqləri eləmişəm, amma belə vokal təhsilim yoxdur.

Bu sahədə təhsil almaq istəyirsiniz?

İndi Konservatoriyada təhsil almağı planlaşdırıram. Evdəkilər çox təkid edirlər ki, Konservatoriyada təhsil al. Mən də razılaşdım. Hətta məndən xəbərsiz sənədlərimi göndəriblər.

Bəs, sizcə, musiqi sahəsində necə? Musiqini biznesə çevirmək alınırmı? Musiqi sahəsində marketinqin, reklam bazarının durumu necədir?

Musiqi biznesinin marketinq tərəflərinə gəldikdə, bayağı mahnıların marketinq tərəfləri bu dəqiqə daha yaxşıdır. Bəzi digər janrda mahnılar var ki, onların da marketinq tərəfləri çox yaxşıdır. Bu da insanın özündən və prodüserlərdən asılıdır. Bunun üçün prodüserləri qınayıram. Mənim keçmiş prodüserim, hərçənd ki, verilişlərə çıxarmaq kimi təşəbbüslər irəli sürürdü, amma bu tərəfdən - mahnını tanıtmaq mövzusunda heç professional deyil idi. Ayrılmaq səbəblərimizdən biri də bu idi.

Azərbaycanda musiqi təhsilini necə qiymətləndirirsiniz?

Musiqi təhsilini çox yüksək qiymətləndirirəm. Azərbaycanda çoxlu istedadlılar var. Bir çox xarici ölkələrdən belə ön plandayıq. Bizim o qədər savadlı kadrlarımız, vokal müəllimlərimiz, koçlarımız var ki. Ona görə çox gözəl və yüksək qiymətləndirirəm.

Mədəniyyət Nazirliyində kadr islahatları gedir. Nazir dəyişildi, Nazirliyin daxilində yeni kadrlar gəldi, əvəzlənmələr baş verdi. Bu dəyişikliyi necə qiymətləndirirsiniz? Mədəniyyət Nazirliyində hazırda gedən dəyişikliklərdən gözləntiniz nələrdir?

Keçən dəfələrdə bizim Gənclər və İdman Naziri ilə görüşümüz oldu. Onu çox gözəl, yüksək qiymətləndirdim ki, birbaşa gənclərlə görüş keçirdi özü və hamının fikirlərini aldı ki, dəstək olsun. Amma Mədəniyyət Nazirliyində hansı dəyişikliklər baş verir, bilmirəm. Amma kadrlar dəyişikliyi varsa, görünür, nəsə ehtiyac olub ki, eləyirlər bunu. 

Nə vaxtsa mədəniyyət sahəsində məsul vəzifədə çalışmaq istəyərsiniz?

Bəlkə də, hə. Məktəb vaxtından, ümumiyyətlə, Mədəniyyət və İncəsənət Universitetinə vermək istəyirdim. Amma fikirləşdim ki, ikinci təhsil kimi edərəm onu. Mədəniyyət sahəsində, Mədəniyyət Nazirliyində işləməyi, yəqin ki, bir gün istəyərəm.

İzləyicilər düşünür ki, hazırda bayağı işlər keyfiyyətli işlərdən daha çox diqqət görür. Nadir Rüstəmli izləyicilərin bu düşüncələri ilə bağlı nə düşünür?

Razıyam, amma bu təkcə Azərbaycanda deyil. Bilirəm, bu ölkəmizdə məşhur bir sloqan kimidir: “bayağı mahnılar sevilir, əsl mahnılar sevilmir” deyirlər. Bunu insanların tənbəlliyi ilə bağlayıram. Çox rahatlığa, daha sadə mahnılara qaçırlar. Özlərini əziyyətə salmırlar ki, bu cür şahəsəri mən dinləyim, sevim. Deyirlər çox çətindir, heç qulaq asmırlar. 

Canlı yayımlarınızın birində demişdiniz ki, rayonlarda konsert vermək fikriniz var. Bu, yaxın gələcəkdə olacaq, yoxsa, hələ ki, plandır?

Yaxın gələcəkdə düşünürəm. Bunu da deyim ki, İlk konsertimiz Bakıda olacaq. Hələ ki, repertuar hazırlanır, planlar, məşqlər gedir. İnşallah, hər şey plan üzrə getsə, çox yaxın gələcəkdə Bakıda ilk konsert olacaq, sonra isə yavaş-yavaş rayonlara üz tutacağıq. Rayonlardan, birinci, Salyanda fikirləşmişik, planda odur, çünki ora doğma torpağımdır.

Müğənni olmaq istəyən, məşhur olmağın xəyalını quran uşaq Nadirə burdan nə demək istəyərdiniz? Fərz edin ki, o qarşınızdadır və sizi dinləyir.

Həmin uşaq Nadir qarşımda olsa idi, bunu deyərdim: “dayanma, həvəsdən düşmə, necə varsansa, elə də davam elə, durmadan-durmadan öz üzərində işlə, yenə də enerji ötürməyə, enerji almağa davam elə musiqidən. Amma bir tərəfdən də içində rahatlıq olsun, çünki hər şey çox yaxşı olacaq, mən bunu gördüm”.

Buradan izləyicilərinizə, 24Media oxucularına nə demək istəyirsiniz?

Əziz 24Media dinləyiciləri, izləyiciləri, oxucuları və əziz öz izləyicilərim, mənim sevənlərim “Goldies”, çox sağ olun ki, varsınız, çox sağ olun ki, yanımdasınız. Mənim, hazırda, bir az çətin, sıxıntılı anlarımdır -  söhbət sırf karyeradan gedir. Təkəm, hər şey öz üstümə düşüb. Çox sağ olun ki, dəstəyinizi göstərirsiniz mənə. Yanımda olduğunuzu min qat göstərirsiniz. Buna görə çox şadam. Həmişə yanımda olun, sizi çox sevirəm.

Günel Məmmədova

Paylaş
Şərh əlavə et