Bakı və Moskva arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 24-cü iclasının yekunları üzrə bir sıra ikitərəfli sənədlər imzalanıb. Sənədləri Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Rusiya Baş nazirinin müavini Aleksey Overçuk imzalayıblar.

Aleksey Overçuk
24media.az News.ru saytına istinadən xəbər verir ki, sənədlər ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsinə, qarşılıqlı investisiyaların stimullaşdırılmasına və müxtəlif sahələrdə birgə layihələrin həyata keçirilməsinə yönəlib.
Tərəflər, həmçinin e-CMR yol xəritəsini imzalayıblar. Bu təşəbbüs avtomobil nəqliyyatının rəqəmsallaşdırılmasını sürətləndirəcək, yük daşımalarının şəffaflığını artıracaq və Rusiya ilə Azərbaycan arasında logistika əlaqələrini gücləndirəcək.
Overçuk əvvəllər Rusiya vətəndaşlarının İrandan təxliyəsində göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib. O qeyd edib ki, Bakının köməyi sayəsində 500-dən çox rusiyalı İslam Respublikasından təxliyə edilib. Azərbaycan Rusiya humanitar yardımının İrana çatdırılmasında da kömək edib.
Həmçinin bildirilib ki, Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi ötən il 4,9 milyard dollara (təxminən 400 milyard rubl) çatıb. Bu ilin ilk üç ayı ərzində bu rəqəm təxminən 750 milyon dollara (60 milyard rubl) bərabər olub.
Əli Balayev
