Bu gün:

Kamran Əsədovun məhkəməsində şahidlər dindirilib


Buraxılış və ali məktəblərə qəbul imtahanlarında qaydalara zidd olaraq texniki vasitələrdən istifadə edilməsi ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi Gəncə Şəhər Məhkəməsində davam etdirilib.

24media.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki,hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən iclasda şahidlərin ifadələri dinlənilib.


Şahid R.M. ifadəsində təqsirləndirilən Gündüz Abbasovu tanıdığını bildirib. O, Gündüz Abbasovaya 45 min dollar verildiyini və həmin vəsaitdən özünə də pay çatmalı olduğunu qeyd edib. Dövlət ittihamçısı şahidin ifadəsində ziddiyyətlərin olduğunu bildirib.


İş üzrə zərərçəkmiş qismində tanınan Dövlət İmtahan Mərkəzinin nümayəndəsi isə ibtidai istintaq zamanı dindirilmiş bir qrup şəxsin məhkəməyə gəlmədiyini deyib və həmin şəxslərin prosesə çağırılaraq dindirilməsini xahiş edib. Hakim vəsatətin növbəti iclasda baxılacağını bildirib.


Məhkəmə prosesi aprelin 30-da davam etdiriləcək.


Baş Prokurorluğun yaydığı məlumata əsasən, Dövlət İmtahan Mərkəzindən Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olan məlumatlar əsasında başlanmış cinayət işi üzrə araşdırmalar Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilib.


İstintaq materiallarına görə, fərdi sahibkar Gündüz Abbasovun təşkil etdiyi hazırlıq kurslarında abituriyentlərə imtahan zamanı köməklik göstərmək məqsədilə gizli informasiya ötürülməsinə imkan verən texniki vasitələrin qanunsuz hazırlanması və istifadəsi ilə bağlı əsaslı şübhələr müəyyən edilib. O, həmçinin Kamran Əsədov ilə cinayət əlaqəsinə girərək bir neçə nəfərə həmin vasitələrin quraşdırılmasında köməklik göstərməkdə ittiham olunur.


Eyni zamanda, Sənan Hüseynovun xüsusi icazə olmadan gizli informasiya əldə etməyə imkan verən 31 ədəd texniki vasitəni qanunsuz şəkildə satdığı müəyyən edilib.


Toplanmış sübutlara əsasən, Gündüz Abbasov Cinayət Məcəlləsinin 302.3 və 308.1-ci maddələri, Kamran Əsədov 302.3 və 32.5, 308.1-ci maddələri, Sənan Hüseynov isə 302.3-cü maddə ilə ittiham olunub.


Qeyd edilib ki, Gündüz Abbasov barəsində həbs qətimkan tədbiri seçilib, digər təqsirləndirilən şəxslər barəsində isə həbslə bağlı olmayan qətimkan tədbirləri tətbiq olunub.


Cinayət işi üzrə ibtidai istintaq başa çatdırılaraq materiallar məhkəməyə göndərilib. Məlumata görə, Kamran Əsədov daha əvvəl də məhkum edilib və 2015-ci ildə məhkəmə hökmü ilə islah işlərinə cəlb olunub.


Xatırladaq ki, Kamran Əsədov yanvarın 23-də keçirilən məhkəmə prosesində həbs edilib.

Fidan Ağayeva


Paylaş
Şərh əlavə et