Bu gün:

Kabuslar mövcuddurmu?


Kabusların gerçək olduğuna dair heç bir sübutumuz yoxdur. Xüsusilə, bütün zamanların ən böyük elm adamlarından biri olan Albert Eynşteynin kabusların gerçəkliyi üçün elmi əsas təklif etdiyi düşünülür.


Bu yaxınlarda "Google" axtarışı Eynşteynin enerjinin qorunması ilə bağlı işi ilə kabuslar arasında əlaqə olduğunu iddia edən 8 milyon nəticə əldə etdi. Mövzu ilə bağlı mütəxəssislər bu iddianı hər zaman təkrarlayırlar. Məsələn, kabus tədqiqatçısı Con Kaçuba 2007-ci ildə yazdığı “Ghosthunters” kitabında yazır:

"Eynşteyn sübut etdi ki, kainatdakı ümumi enerji sabitdir, enerji yarana və ya məhv edilə bilməz. Bəs biz öləndə o enerjiyə nə olur? Əgər onu məhv etmək mümkün deyilsə, Dr. Eynşteynə görə o, başqa bir enerji formasına çevrilməlidir. Bu yeni enerji nədir? Bu yeni məxluqa kabus deyə bilərikmi?"


Bu fikir demək olar ki, bütün kabus mövzulu internet saytlarında özünü göstərir və kabusların varlığına sübut kimi təqdim olunur. Məsələn, Tri County Paranormal adlı bir qrup aşağıdakı izahatı təqdim edir:

"Albert Eynşteyn deyib ki, enerji yarana və ya məhv edilə bilməz, o, yalnız bir formadan digərinə çevrilə bilər. Yaşadığımız zaman bədənimizdə elektrik enerjisi olur. Bəs yaşadığımız müddətdə nəfəs almağa imkan verən bu enerjiyə öldükdən sonra nə olur? Bunun asan cavabı yoxdur".

Əlbəttə, cavab, əslində, çox sadədir və heç o qədər də sirli deyil. İnsan öldükdən sonra bədənindəki enerji bütün ölən orqanizmlərin enerjilərinin getdiyi yerə-ətraf mühitə gedir. İnsan öləndə onun bədənində yığılan enerji istilik enerjisi kimi ayrılır və bu bədəni yeyən heyvanlara (məsələn, basdırılmasaq, vəhşi heyvanlara, basdırılsaq, qurd və bakteriyalara ) və ya bizi assimilyasiya edən bitkilərə ötürülür. Bədənimiz yansa belə, bədənimizdəki enerji istilik və işıq şəklində sərbəst buraxılır.

Ölü bitkiləri və ya heyvanları yedikdə onların enerjisini qəbul edirik və öz istifadəmizə çeviririk. Qidalar həzm olunduqda metabolizə olunur və kimyəvi reaksiyalar nəticəsində canlının yaşaması, hərəkəti və çoxalması üçün lazım olan enerji ayrılır. Bu enerji elektromaqnit enerjisinin xəyali parlayan topu şəklində deyil, istilik və kimyəvi enerji şəklində mövcuddur.

Bir çox tədqiqatçılar ruhların yaratdığı elektrik sahələrini aşkar edə bildiklərini söyləyirlər. İnsanlarda və digər orqanizmlərdə metabolik proseslərin çox aşağı səviyyəli elektrik cərəyanları əmələ gətirdiyi doğru olsa da, orqanizm öləndə onların əmələ gəlməsi dayanır. Enerji mənbəyi getdiyi üçün elektrik cərəyanı dayanır - elektriki söndürəndə bir lampanın söndüyü kimi.

Hər hansı bir ölən insanın tərk etdiyi enerjinin ətraf mühitə qida olaraq qayıtması üçün illər lazımdır. Qalan hissələr ölümdən dərhal sonra dağılır və illər sonra elektromaqnit sahəsi detektorları kimi ruh tədqiqatçılarının sevimli cihazları tərəfindən aşkarlana bilən heç bir formada tapılmır. Kabuslar, həqiqətən də, mövcud ola bilər, amma nə Eynşteyn, nə də onun fizika qanunları belə bir iddia irəli sürmür.

Mənbə: Evrim ağacı 

Tərcümə etdi: Nuran Əhmədzadə 



Paylaş
Şərh əlavə et