Bu gün:

“Nəticədə, jurnalistlərin və müəlliflərin bütün zəhməti bir anda yox olur”


24media.az-ın "1 sual və 1 cavab" rubrikasının budəfəki qonağı "Çapar" dərgisinin baş redaktoru Dilqəm Əhməddir. O, indiki dövrdə Azərbaycanda dərgi çapının imkanları və çətinliklərindən danışıb. 

-Azərbaycanda dərgi çapının imkanları necədir və bu sahənin çətinlikləri nələrdir? 

Mən 2018-ci ildən çıxan "Çapar" tarix dərgisinin baş redaktoruyam. Təsisçimiz Yusif İlhamoğludur. Ənənəvi mətbuatın zəiflədiyi bu dövrdə dərgi adının çəkilməsi belə, bir çox insanlara qəribə gələ bilir. Çünki xəbərləri artıq mobil telefondan oxuyan nəsilə dərgini sevdirmək və aldırmaq çox çətindir. Ona görə də 20-30 il əvvəllə müqayisədə indiki dövrdə dərgi çıxarmaq da çox çətindir. Əvvəla, dərginin nə olduğunu, nəyə xidmət etdiyini izah etməli olduğun nəsil var. İkincisi, pulsuz informasiya mühitində pullu bir mətbu məhsulu satmaq olduqca problemli işdir. Gərək fərqli məhsul təqdim edəsən ki, oxucu özünü almaq məcburiyyətində hiss etsin. Buna görə də biz Azərbaycanda böyük ehtiyac duyulan tarix dərgisini çıxardıq. Digər çətinlik isə texniki xərclərdir. Bizim jurnal yüksək keyfiyyətli kağızda çap olunur, ona görə də bahadır. Reklam mühitinin də olmadığını nəzərə alsaq, xərclərin qarşılanması yalnız satışa bağlı olur. Satış isə istədiyimiz səviyyədə deyil. Məhz bu səbəbdən biz dərgiçilikdə əsas amil olan davamlılıq prinsipinə hələ ki tam əməl edə bilmirik. Xüsusən, pandemiya dövrü daha çox problem yaratdı. Azərbaycanda kağız və mətbəə qiymətləri çox bahadır, hər növ kağız yoxdur, rəqabət ortamı yoxdur. Nəticədə, min bir əziyyətlə bu işi davam etdiririk. Amma insanlarda maraq yarada bilmişik. Çünki keyfiyyətli müəlliflərimiz var, başda Cümhuriyyət dövrü olmaqla tariximizin ən mütərəqqi dövrlərini təqdim edirik. Xüsusilə də, heç bir yerdə olmayan fotoşəkil və sənədləri veririk. Bu baxımdan dərgimiz orijinallığı ilə seçilir. Oxucu anlayır ki, bu gün onlayn əldə etdiyi informasiya hər an silinə bilər. Amma əlinin altında olan dərgi hər zaman onunladır. Dərgiçilik tarixdə qalmaq deməkdir. Gələcək tədqiqatçılar bu gün mövcud olan əksər yeni medianın arxivinə çata bilməyəcəklər. Çünki yeni saytlar yaranır və bir müddət sonra fəaliyyətini dayandırır. Nəticədə, jurnalistlərin və müəlliflərin bütün zəhməti bir anda yox olur. Amma ənənəvi mətbuat mütləq ki kitabxanalarda, evlərdə gələcək üçün qorunur. Ona görə də dərgiçilik ənənəsini gücləndirmək gərəklidir.

Xədicə Qiyas 

Paylaş
Şərh əlavə et