ABŞ və İsrailin 28 fevral hücumunun ardından İran qlobal enerji ticarətinin əsas arteriyalarından biri hesab edilən Hörmüz boğazına nəzarəti gücləndirib və boğazın faktiki olaraq bağlanmasına səbəb olub.
Hörmüz boğazı
Dünya üzrə neftin və mayeləşdirilmiş təbii qazın (LNG) təxminən 20%-i adi şəraitdə məhz bu boğazdan daşındığı üçün bölgədəki hərbi gərginlik qlobal enerji bazarlarına birbaşa təsir göstərib. Müharibənin başlanması ilə birlikdə neft qiymətləri kəskin artıb və ölkələr enerji təchizatında yaranan riskləri azaltmaq üçün alternativ nəqliyyat marşrutları və strateji ehtiyatlardan istifadəyə yönəlib.
Hörmüz boğazının coğrafi və iqtisadi əhəmiyyəti
Hörmüz boğazı şimalda İran, cənubda isə Oman və Birləşmiş Ərəb Əmirlikləri ilə sərhədlənir və Fars körfəzini Oman dənizinə birləşdirir.
Boğazın eninin giriş-çıxış hissələrində təxminən 50 km, ən dar nöqtəsində isə 33 km olması, onu böyük tankerlərin keçidi üçün kifayət qədər geniş saxlayır.
ABŞ Enerji İnformasiya Administrasiyasının məlumatına görə, 2025-ci ildə Hörmüzdən gündə təqribən 20 milyon barrel neft və neft məhsulları daşınıb. Bu rəqəm illik 600 milyard dollar dəyərində enerji ticarəti deməkdir.
Boğaz həm də Səudiyyə Ərəbistanı, İraq, Küveyt, BƏƏ və Qətər kimi böyük istehsalçıların dünya bazarlarına çıxışında yeganə əsas marşrutlardan biri olduğuna görə, bölgədəki hərbi əməliyyatlar qlobal enerji təhlükəsizliyi baxımından kritik risk yaradır.
Mənbə: BBC
Tərcümə etdi: Ətirə İbayeva
