Müddətli həqiqi hərbi xidmətə çağırışdan yayınma hallarının qarşısının alınması məqsədilə Azərbaycanın bir sıra qanunvericilik aktlarında dəyişiklik edilib.
24media.az “Report”a istinadən xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, 2024-cü il 27 dekabr tarixində qəbul olunan qanuna əsasən üzrlü səbəb olmadan tibbi müayinəyə, müddətli həqiqi hərbi xidmətə, hərbi toplanışlara və səfərbərlik üzrə xidmətə çağırışa gəlməmək çağırışdan boyun qaçırma kimi qiymətləndirilir və məsuliyyət yaradır.
Eyni zamanda Miqrasiya Məcəlləsinə edilən dəyişikliklə hərbi xidmətə çağırışdan yayınan şəxslərin ölkədən getmək hüququ çağırış üzrə qərar qəbul edilənədək müvəqqəti məhdudlaşdırıla bilər.
Qeyd olunub ki, bu dəyişikliklər ölkənin milli təhlükəsizliyini gücləndirmək və Silahlı Qüvvələrin çağırışçılarla vaxtında komplektləşdirilməsini təmin etmək məqsədi daşıyır.
Aylin Bayraməliyeva
