Fevralın 16-da Azərbaycan ərazisində yaz havası hökm sürəcək. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkənin əksər bölgələrində yağmursuz və mülayim hava şəraiti müşahidə olunacaq. Temperaturun normadan yüksək olması fevral ayı üçün xarakterik olmayan istilərin davam etdiyini göstərir.

24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, paytaxt Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, temperatur gündüz 15-20° isti təşkil edəcək. Mülayim cənub-qərb küləyinin gündüz saatlarında arabir güclənəcəyi, atmosfer təzyiqinin isə bir qədər enərək 759 mm civə sütunu olacağı proqnozlaşdırılır.
Azərbaycanın rayonlarında da hava şəraiti əsasən yağmursuz keçəcək, lakin gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə duman müşahidə olunacaq. Aran rayonlarında havanın temperaturu gündüz 20 dərəcəyə, şimal və cənub bölgələrində isə bəzi yerlərdə 22 dərəcəyədək yüksələcək. Qərb küləyi ayrı-ayrı bölgələrdə arabir güclənəcək.
Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur bölgələrində də günəşli və mülayim hava gözlənilir. Dağlıq rayonlarda gündüz temperatur 13-18 dərəcə isti arasında dəyişəcək ki, bu da qış mövsümü üçün olduqca yüksək göstəricidir.
Arzu Qafarova
