Azərbaycan Milli Kitabxanası kitaba sevginin aşılanması və mütaliə mədəniyyətinin təbliği məqsədilə 14 fevral – Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə həm virtual, həm də ənənəvi kitab sərgilərini istifadəçilərin ixtiyarına verib. Bu təşəbbüs cəmiyyətdə paylaşma dəyərlərini gücləndirməklə yanaşı, xüsusilə gənc nəslin kitaba marağını artırmağa xidmət edir.

24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, ənənəvi sərgidə kitabın cəmiyyətdəki rolu, mütaliə mədəniyyətinin formalaşdırılması və kitab nəşri haqqında materiallar yer alır. Burada şagirdlər və gənclər üçün maarifləndirici vəsaitlər, habelə Azərbaycan və dünya ədəbiyyatının ən nadir nümunələri müxtəlif dillərdə nümayiş etdirilir.
Virtual sərgidə isə istifadəçilər Ulu Öndər Heydər Əliyevin kitab və kitabxanalar haqqında müdrik fikirləri, Milli Kitabxanada keçirilən kitab marafonları və dövri mətbuatda dərc olunan məqalələrin tam mətnləri ilə tanış ola bilərlər.
Arzu Qafarova
