
Maraq canlıları yeni şeylər öyrənməyə sövq edən bir hissdir. Yalnız insanlar deyil, digər bir çox canlılar da marağa sahibdirlər. Anadangəlmə olan bu hissi motiv kimi təsnif etmək olmaz. Çünki maraqdan irəli gələn konkret davranış yoxdur.
Niyə maraqlı olduğumuzu izah etmək üçün irəli sürülən bir fikir yeni və mürəkkəb şeylərin beyində qeyri-müəyyənlik hissinə səbəb olmasıdır. Maraq isə canlıların narazılığına səbəb olan bu hissdən qurtulmağa kömək edir. Yeni və mürəkkəb şeylər haqqında daha çox öyrənmək onların yaratdığı narazılığı azaldır. Bu nəzəriyyənin ən böyük çatışmazlığı insanların yeni və mürəkkəb şeylərlə qarşılaşmadıqları zaman onlara olan marağı izah edə bilməməsidir. Məsələn, cansıxıcı bir insanın əylənmək üçün maraqlı şeylər tapmağa çalışması bu nəzəriyyə ilə açıqlana bilməz.
Maraq səbəbini izah etmək üçün irəli sürülən başqa bir nəzəriyyəyə "optimal oyanma" modeli deyilir. Bu nəzəriyyəyə görə, beyin həmişə oyanmanın optimal səviyyəsində olmağa çalışır. Kifayət qədər stimul olmadığı hallarda, yeni şeylər öyrənərək oyanma səviyyəsini artırır. Bu nəzəriyyə yuxarıda adı çəkilən nəzəriyyənin izah edə bilmədiyi vəziyyətləri, yəni canı sıxılan insanların yeni şeylər öyrənməyə çalışmasını müvəffəqiyyətlə izah edir. Bəs əgər beyin optimal həyacan səviyyəsində olmağa çalışırsa, bu vəziyyətə çatdıqdan sonra niyə yeni şeylər öyrənməli və optimal səviyyədən uzaqlaşmalıdır? Nəzəriyyə bu suala cavab verə bilmir.
Maraqla bağlı üçüncü nəzəriyyə marağın səbəbinin, maraq nəticəsində edilən hərəkətlərin beyin tərəfindən bir mükafat olaraq qəbul edilməsi olduğunu bildirir. Bu fikrə görə, yeni məlumat öyrənməyə çalışmaq dopaminin ifraz olunmasına səbəb olur. Beyin tərəfindən mükafat olaraq qəbul edilən bu maddə insanların özünü daha yaxşı hiss etməsinə səbəb olur.
Mənbə: Bilim Genç Tübitak
Tərcümə etdi: Aydan Qasımova
