Bu gün:

Riyazi faktları mükəmməl öyrənmək üçün 4 məsləhət


Uşaqlar bu faktları əzbərləməli və təkrar-təkrar məşq etməlidirlərmi? Yoxsa ədədlərlə oynayaraq, cavabı tapmağın müxtəlif yollarını sınaqdan keçirərək və kifayət qədər məşq edərək onları daxilləşdirə (şüuraltı şəkildə mənimsəyə) bilərlərmi? Aşağıda ötən il dərc olunan məqalədən dörd əsas tövsiyə təqdim olunur

1. Erkən ədəd hissi bacarıqları çox vacibdir və müdaxilələrlə inkişaf etdirilə bilər

Məqalə erkən uşaqlıq dövründə və ya rəsmi təhsilin ilk illərində formalaşan üç mühüm riyazi mərhələni qeyd edir. Araşdırmalar göstərir ki, bu biliklər riyazi fakt axıcılığı üçün əsas zəmini yaradır. Bunlar:

  1. “Kardinalitet” anlayışını başa düşmək — yəni obyektlər dəstində sayılan son rəqəmin həmin dəstin ümumi sayını ifadə etdiyini anlamaq. Məsələn, uşaq vedrədəki kubları 1, 2, 3 deyə sayırsa, onların ümumi sayının üç olduğunu bilməlidir.
  2. Yazılı ədədləri müqayisə etmək, məsələn, 5 rəqəminin 6-dan daha az kəmiyyəti ifadə etdiyini bilmək.
  3. Toplama strategiyalarından istifadə etmək, məsələn, 7+3 əməlini həll edərkən 7-dən başlayaraq üç irəli sayıb 10 cavabına çatmaq.

Müəlliflər məktəblərə və pediatr klinikalarına bu bacarıqların yoxlanılmasını tövsiyə edirlər. Məsələn, geniş istifadə olunan “Ages and Stages” inkişaf testi 4 yaşlı uşağın 15-ə qədər saya bilməsini yoxlayır, lakin onun kardinalitet anlayışını ölçmür. Məqalədə deyilir ki, “bu boşluq ictimai və pediatrik praktikada ciddi çatışmazlıqdır.” MakNil bildirir ki, uşaqlar çətinlik çəkəndə, erkən təhsil mütəxəssislərinin bu mərhələlərə çatmağa kömək edən sübut edilmiş müdaxilələri mövcuddur. Tədqiqatlarla təsdiqlənmiş üsullardan biri şagirdlərə fiziki kəmiyyət təsvirləri (məsələn, kublar) ilə onları ifadə edən yazılı ədədlər arasında əlaqə qurmağa kömək etməkdir.

Məqalədə “konkret–təmsilçi–abstrakt” metodu qeyd olunur. Bu üsulda müəllim əvvəlcə ədədi üçölçülü obyektlərlə, sonra şəkillərlə, sonda isə rəqəmlərlə təqdim edir. Müəlliflər yazır ki, “bu proses gündəlik ədəd anlayışından rəsmi riyazi simvollara keçidi dəstəkləyir.”                                   

2. Riyazi faktların necə həll olunacağını açıq şəkildə öyrədin

MakNil bildirir ki, bəzi şagirdlər toplama və çıxma strategiyalarını intuitiv olaraq qavraya bilirlər. Digərləri isə bunu bacarmır və birbaşa təlimata ehtiyac duyur. O, bunu oxumağı öyrənməklə müqayisə edir. Danışıq dili immersion (mühitə daxil olma) yolu ilə öyrənilə bilər, lakin əksər uşaqlar yazılı dili başa düşmək üçün səslərlə hərflər arasında əlaqənin açıq şəkildə öyrədilməsinə ehtiyac duyur. Riyaziyyatda da vəziyyət oxşardır. Bəzi anlayışlar gündəlik təcrübə ilə formalaşa bilər, lakin rəsmi riyazi simvollar insan tərəfindən yaradıldığı üçün onların mənaya necə uyğun gəldiyi məqsədli tədris tələb edir.

Sinifdə müəllimlər bu strategiyaları modelləşdirə bilərlər. Məsələn, 9+n tipli toplamalarda 10-dan istifadə etməyi göstərmək olar. 9+5 əməlini həll edərkən müəllim belə deyə bilər:
“Düşün, 10+5 neçə edir, sonra 1 çıx, çünki 9, 10-dan bir azdır.”

3. Məşqi məqsədli şəkildə strukturlaşdırın

Riyazi faktları tez xatırlamaq üçün şagirdlərin xüsusi məşqə ehtiyacı var. Lakin bu, ənənəvi drill (təkrar) məşqləri formasında olmaya bilər. Araşdırmalar göstərir ki, məşqlər qısa — hər dəfə 2–10 dəqiqə — və tez-tez, həftədə bir neçə dəfə olmalıdır. MakNil vurğulayır ki, müəllimlər yeni faktları sistemli şəkildə təqdim etməlidirlər. Bu, məsələn, vurma cədvəlinin 2-lər, 5-lər və 10-larla başlaması və ya başqa təşkilati yanaşma ola bilər. Şagirdlər avtomatik xatırlama bacarığı qazanana qədər eyni vaxtda yalnız 3–4 yeni fakt üzərində işləməlidirlər.

4. Bəli, vaxtla məhdudlaşdırılmış məşq vacibdir — amma yüksək riskli olmamalıdır

Vaxt ölçülən riyaziyyat məşqləri təhsil sahəsində ən mübahisəli mövzulardan biridir. Məqalə isə bildirir ki, müəyyən şərtlərlə vaxtlı məşqlər sinifdə yer almalıdır.

Araşdırmalar göstərir ki, bir qədər çətin və vaxtla məhdud məşqlər məlumatın yaddaşda daha yaxşı qalmasına kömək edə bilər. Bir sıra tədqiqatlarda şagirdlərin sürət və dəqiqliyinin vaxt təzyiqli məşqlərlə artdığı sübut olunub. Lakin MakNil xəbərdarlıq edir: vaxtlı məşqlər yalnız şagirdlər artıq cavabları düzgün verə bildikdən sonra tətbiq edilməlidir. Sürət, dəqiqlikdən sonra gəlməlidir. O həmçinin vurğulayır ki, vaxt təzyiqi yalnız məşq məqsədli olmalıdır. Yüksək riskli, qiymətləndirmə xarakterli vaxtlı testlər isə “pis ideyadır”.

Mənbə: EducationWeek

Tərcümə etdi: Nərmin Məmmədzadə

Paylaş
Şərh əlavə et