Bu gün:

Narahatedici düşüncələr nə vaxt ciddi problemə çevrilir?


Araşdırmalar göstərir ki, insanların əksəriyyəti zaman-zaman narahatedici düşüncələrlə qarşılaşır. Məsələn, darıxdırıcı bir iclasda oturarkən “Birdən qışqırsam nə olar?” və ya avtomobil idarə edərkən “Ya qəza etsəm?” kimi fikirlər ağla gələ bilər. Bu cür ssenarilər adətən “istənməyən düşüncələr” adlandırılır və əksər hallarda ciddi qəbul edilməsinə ehtiyac olmayan keçici zehni proseslər hesab olunur.

Lakin bəzi insanlar üçün bu düşüncələr kompulsiv  davranışlara yol açan və öhdəsindən gəlmək çətin olan vəsvəsələrə çevrilə bilər.

Dr. Nina Higson-Suini uşaqlıqda məktəbdən evə qayıdarkən zehnində yalnız “yaxşı” düşüncələr olmasa ailəsinin zərər görəcəyinə inandığını bildirir.

“O vaxtlar ağlıma narahatedici bir fikir gələndə avtobus dayanacağından yoluma yenidən başlayırdım”, - deyə o, qeyd edir. “Əgər bunu təkrarlamasam və nəsə baş versə, bunun mənim günahım olacağından ciddi şəkildə qorxurdum”.

Ninaya 10 yaşında obsesiv-kompulsiv pozuntu (OKP) diaqnozu qoyulub və o, hazırda Oksford Universitetində uşaq və yeniyetmələrin psixi sağlamlığı üzrə ixtisaslaşmış psixologiya tədqiqatçısı kimi fəaliyyət göstərir.

BBC-nin Complex podkastına müsahibəsində Higson-Suini bildirib: “Vəsvəsələr narahatedici və istənməyən düşüncələr, hisslər və emosiyalardır. Kompulsiyalar isə bu vəsvəsələrin yaratdığı narahatlığı neytrallaşdırmaq və ya azaltmaq üçün təkrarlanan, rituallaşdırılmış davranışlardır”.

Əhalinin təxminən 1–4 faizinin obsesiv-kompulsiv pozuntu (OKP) ilə yaşadığı düşünülür. Bununla belə, Böyük Britaniyada son on il ərzində 16–24 yaş arası gənclər arasında bu pozuntunun əlamətlərini bildirənlərin sayı üç dəfədən çox artıb.

Böyük Britaniyanın Milli Səhiyyə Xidməti (NHS) tərəfindən aparılan genişmiqyaslı araşdırmaya əsasən, OKP hazırda gənc yetkinlər arasında ən çox rast gəlinən ikinci psixi sağlamlıq pozuntusudur.

İstənməyən düşüncələr son dərəcə narahatedici ola bilər və çox vaxt insanın dəyərləri və ya kimliyi ilə tam zidd mövzulara yönəlir.

Nina Higson-Suini qeyd edir ki, “İnsan sevdiklərinə zərər gələcəyindən ciddi şəkildə narahat ola bilər”.

“Bu, insanın cinsi orientasiyasını sorğulaması - ‘Mən homoseksualam? Heteroseksualam?’ kimi düşünməsi - şəklində ortaya çıxa bilər. Hətta ‘Mən pedofiləmmi?’ kimi ifrat narahatlıqlara qədər gedib çıxa bilər”, - deyə o, əlavə edir.

“Çox yayılmış digər mövzulardan biri də yoluxma ilə bağlı narahatedici düşüncələr, xəstələnmə və ya xəstəliyi başqalarına yoluxdurma qorxusudur”, — deyə o, bildirir.

OKP ən çox yeniyetməlik və ya erkən yeniyetməlik dövründə başlayır. Lakin bəzi hallarda problemlərin illərlə gizlədilməsi və maskalanması səbəbindən diaqnoz həyatın daha son mərhələlərində qoyula bilər.

Araşdırmalar göstərir ki, OKP-nin inkişafında genetik amillər rol oynaya bilər və bu pozuntu zorakılıq, itki (yas) və ya ailə dağılması kimi erkən yaş dövrü stres faktorları ilə əlaqəli ola bilər.

Mənbə: BBC News

Tərcümə etdi: Emiliya Vəlicanova

Paylaş
Şərh əlavə et