Bu gün Azərbaycanın maliyyə naziri Sahil Babayev Dünya Bankının Avropa və Mərkəzi Asiyada İnfrastruktur üzrə regional direktoru Çarlz Kormyerin rəhbərlik etdiyi və Cənubi Qafqaz üzrə regional direktor xanım Roland Praysın da təmsil olunduğu nümayəndə heyəti ilə görüşüb.

24media.az APA-Economics-ə istinadən xəbər verir ki, görüş çərçivəsində Azərbaycan və Dünya Bankı arasında əməkdaşlığın cari vəziyyəti və perspektivləri, Bankın maliyyə dəstəyi ilə həyata keçirilən layihələr, həmçinin infrastruktur, şəhər inkişafı, energetika və rəqəmsal sahələr üzrə mövcud və planlaşdırılan proqramlar dəyərləndirilib.
Görüşdə Dünya Bankının dəstəyi ilə icra olunan layihələrin mövcud icra vəziyyəti nəzərdən keçirilib. Bildirilib ki, “Bərpa Olunan Enerji Mənbələrindən İstifadənin Genişləndirilməsi” (AZURE) layihəsi çərçivəsində inşa edilən günəş və külək elektrik stansiyalarının ölkənin enerji sisteminə inteqrasiyası dayanıqlı enerji infrastrukturunun inkişafına töhfə verir.
Eyni zamanda, “Məşğulluğa dəstək” layihəsi və onun əlavə maliyyələşdirilməsi üzrə təşəbbüslər işsiz əhalinin məşğulluq imkanlarının artırılmasına, eləcə də işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmanın təmin olunmasına xidmət edir.
Bununla yanaşı, “Regional yollar və inkişaf” layihəsi regionlararası nəqliyyat əlaqələrini gücləndirməklə ümumi iqtisadi fəallığın artmasına şərait yaradır.
Aminə Paşazadə
