Avropanın maye təbii qaz (LNG) idxalı 2025-ci ildə rekord həddə çatıb və 2026-cı ildə bu göstəricinin daha da yüksələcəyi proqnozlaşdırılır.

24media.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin qaz bazarına dair hesabatında bildirilib.
Hesabatda qeyd olunur ki, 2025-ci ildə Avropaya LNG idxalı 30 faiz və ya 40 milyard kubmetr artaraq 175 milyard kubmetr təşkil edib. Daxili tələbatın yüksəlməsi, boru kəmərləri ilə qaz idxalının azalması, həmçinin aprel–oktyabr aylarında qaz anbarlarına vurulan ehtiyatların artması Avropada LNG qiymətlərinin Asiya bazarları ilə müqayisədə yüksək qalmasına səbəb olub. Bu amil isə Avropa bazarına LNG tədarükünü daha da stimullaşdırıb.
Nəticədə, 2025-ci ildə Avropanın qaz balansında maye qazın payı əvvəlki ildəki 30 faizdən 38 faizə yüksəlib.
Agentliyin proqnozuna əsasən, 2026-cı ildə Avropanın LNG idxalı artım tempini qoruyaraq 185 milyard kubmetrə çatacaq. Bu artım qaz ehtiyatlarına dair yeni tələblər və Avropadan Ukraynaya qaz ixracının genişlənməsi ilə əlaqələndirilir.
Qeyd edək ki, 2025-ci ildə Avropanın maye qaz idxalının təxminən 57%-i ABŞ-dən gətirilib ki, bu da ABŞ-nin bu bazardakı dominant rolunu göstərir.
Aminə Paşazadə
