24media.az Report-a istinadən xəbər verir ki, ABŞ-ın tarif məhdudiyyətlərinin tam qüvvəyə minməsi nəticəsində 2026-cı ildə qlobal ticarətin artımı 2,2 %-ə qədər yavaşlaya bilər.
BMT-nin “Dünyanın iqtisadi vəziyyəti və perspektivləri 2026” hesabatına görə, 2025-ci ildə qlobal ticarət həcmi ABŞ-ın tarif artımına və ticarət siyasətindəki qeyri-müəyyənliyə baxmayaraq, 3,8 % artıb. 2026-cı ildə isə tədarükün sürətləndirilməsi effektinin azalması və tarif məhdudiyyətlərinin qüvvəyə minməsi səbəbindən dinamikanın zəifləməsi gözlənilir.

Hesabat müəllifləri qeyd edirlər ki, 2025-ci ildə ticarət artımını həm mal, həm də xidmət ticarəti dəstəkləyib; xüsusən turizm, rəqəmsal və peşəkar xidmətlər sahəsində davamlı genişlənmə müşahidə olunub. Tarif və proteksionist tədbirlər beynəlxalq ticarət mühitində qeyri-müəyyənliyi artırsa da, qlobal inteqrasiya hələ də dərin olaraq qalır və mal və xidmət ticarəti qlobal ÜDM-in 50 %-dən çoxunu təşkil edir.
Hesabatda həmçinin qeyd olunur ki, struktur dəyişiklikləri qlobal ticarəti yenidən formalaşdırır: şirkətlər təchizat zəncirlərini şaxələndirir, istehsalı başqa regionlara köçürür, “Cənub-Cənub” ticarət əlaqələrini genişləndirir və rəqəmsal texnologiyalar vasitəsilə xidmətlərin artımını sürətləndirir.
BMT ekspertləri əlavə ediblər ki, ticarət gərginliyinin artması qlobal ticarətə mənfi təsir göstərə bilər, lakin regional inteqrasiya təşəbbüslərinin gücləndirilməsi və investisiya axınlarının təşviqi bu vəziyyəti yaxşılaşdıra bilər.
Səidə Abasova
