Siciliyanın Gela şəhərində aparılan qazıntılar zamanı eramızdan əvvəl V əsrə aid sümükdən hazırlanmış bir stilus (yazı aləti) aşkar edilib. Tapıntı tam sağlam vəziyyətdədir və bölgə üçün bənzəri olmayan bir artefakt sayılır.

Stilusun üzərində saqqallı Dionis – şərab və məhsuldarlıq tanrısının başı və onun fallus təsviri həkk olunub. Əşya 13,2 sm uzunluqdadır və çox incə oyma işinə malikdir.
Bu cür stiluslar adətən mum və ya yaş gil üzərində yazmaq üçün istifadə edilib. Amma bu nümunənin sümükdən və bəzəkli olması onun, ehtimal ki, mərasim və ya dini məqsədlə istifadə olunduğunu göstərir. Mümkündür ki, qab-qacaq və fiqurlar tanrılara təqdim olunmazdan əvvəl bu alətlə işarələnib.
Eyni ərazidə arxeoloqlar ellinizm dövrünə aid məhəllə qalıqları, daş döşəmələr və emalatxanalar da tapıblar. Bu da Gela şəhərinin vaxtilə mühüm istehsal mərkəzi olduğunu göstərir.
Gela şəhəri e.ə. VII əsrdə yunan kolonistləri tərəfindən qurulub, lakin e.ə. 406-cı ildə karfagenlilərin hücumu zamanı demək olar ki, dağıdılıb. Tapılan bu stilus həmin dövrə aid dəyərli tarixi sübut sayılır.
Mütəxəssislər bildirirlər ki, bu stilus dövrünün arxeoloji mənzərəsində unikal nümunədir və ictimaiyyətə nümayiş etdirilməlidir.
Mənbə: ATİ news
Tərcümə etdi: Aydan Xudayarova
