Bu gün:

Yaşa görə dəriyə qulluq necə olmalıdır?


Hər yaşın dəriyə qulluq rutini fərqlidir. Düzgün qulluqla dərinin təravətini qorumaq mümkündür. Bu sizi olduğunuzdan daha gənc göstərəcək.

Bu gün sosial medianın təsiri ilə gənc və “gözəl” görünmək istəyi hər zamankındən daha çox yayılıb. Belə ki, çox erkən yaşlarda başlayan estetik qayğılar makiyaj yaşını da aşağı salıb. Mütəxəssis Dr. Mehtap Kıdır 20 yaşından etibarən dəriyə qulluq qaydalarını açıqlayıb.

20 yaşlarda dəriyə necə qulluq etmək lazımdır

20 yaşlarda dərinin strukturunda kollagen zülalının sintezi ləngiyir. Nəticədə dəridə yüngül qırışlar və incə xətlər əmələ gəlməyə başlayır. Bu yaşlarda ediləcək sadə tətbiq sonrakı yaşlar üçün dərimizə yatırımdır. Dərinin gündəlik təmizlənməsi, həftəlik pilinqlər, günəş kremindən istifadə, solaryum və günəş vannası qəbul etməmək, C vitamini və hialuron turşusu olan nəmləndiricilərdən və serumlardan istifadə etmək sadə ehtiyat tədbirləridir. Tərkibində C vitamini olan kremlər təbii kollagen istehsalını artırır, incə qırışları yox edir və dəri rəngi fərqlərini aradan qaldırır.

30 yaşlarda dəriyə necə qulluq etmək lazımdır

30 yaşlarda dərimizin nəm səviyyəsi azalmağa başlayır. Dəridəki incə xətlər daha qabarıq görünür və məsamələr genişlənməyə başlayır. Dərinin quruluğu dəri rənginin daha cansız və solğun görünməsinə səbəb olur. Yaşlanmanın ilk əlamətləri göz ətrafından başlayır. Göz ətrafı üçün sıx nəmləndirici tərkibli kremlər,üz və boyunda kollagen sintezini artıran C vitamin tərkibli məhsulların tətbiqi vacibdir. Axşam saatlarında kollagen sintezini artıran retinoik turşusu və qlikolik turşusu olan kremlərdən istifadə edin. İncə qırışlar üçün botoksun başlama yaşı insandan insana fərqli olsa da, 30 yaşında kiçik dozalarla başlamaq faydalıdır.

40 yaşlarda dəriyə necə qulluq etmək lazımdır

40 yaşlarda dəridə kollagen istehsalı sürətlə azalır. Dəridə sallanma meydana gəldiyi üçün dəriyə qulluq intensiv və nizamlı şəkildə aparılmalıdır. 40-cı illərdə tərkibində retinoik turşusu olan yaşlanma əleyhinə kremlərdən və intensiv nəmləndirici məhsullardan istifadə etmək faydalıdır. Dərinin itirdiyi kollageni əvəz etmək üçün tərkibində kollagen, C vitamini və omeqa 3-6 olan qidalar yeməyə diqqət edin. 40 yaşlarıda dəriyə qulluq edərkən boyun və əllərə qulluq etməyə laqeyd yanaşmayın. Bu yaşlarda dərinin orta təbəqəsini stimullaşdıran microneedling, iynə radiotezliyi, lazer tətbiqləri və mezoterapiya (iynələrlə dəri altına qidalandırıcı vitaminlər və müxtəlif dəstəkləyici məhsullar vermək) kimi üsullar da dəridə kollagen və elastin istehsalına kömək edir.

50 yaşlarda dəriyə necə qulluq etməl lazımdır

Dolğu tətbiqləri müəyyən sahələri əvvəlki dolğunluğuna qaytarmaq üçün istifadə edilə bilər. Təbii görkəmi qoruyub saxlamaq üçün daim əskik olanı əvəz etmək məntiqi ilə müalicə planlandıqda daha təbii görünüş əldə edilə bilər. PRP, kök hüceyrələr və nəm peyvəndi olaraq da bilinən sıx hialuron turşusu olan məhsulları dərialtına yeritmək müalicələri dermatoloqunuz tərəfindən müəyyən ediləcək. Bu prossedurlar kosmetik tətbiq təqviminə uyğun olaraq hər il planlaşdırıla bilər. Bu tətbiqlər dəriyə nəm əlavə etməklə yanaşı, parlaqlıq, elastiklik və sıxlıq gətirəcək.

Dərinizi qorumaq üçün bu addımlara diqqət edin !

•Heç vaxt makiyajlı yatmayın. Hər gün yatmazdan əvvəl üzünüzü təmizlədiyinizdən əmin olun.

•Gündə 2 litr su için. Qazlı, kola içkilərindən uzaq durun. Çay və qəhvəni məhdudlaşdırın.

•Sağlam qidalanın, xüsusilə, C vitamini, kollagen və omeqa 3-6 olan qidaları yeyin.

•Dərini tez qocaltdığı üçün siqaretdən uzaq durun, həm də sağlamlıq üçün təhlükə yaradır.

•Normal yuxuya diqqət yetirin.

•Dəri tipinizə uyğun məhsullarla üzünüzə qulluq edin, nəmləndirici istifadə edin. Bunun üçün bir dermatoloqdan kömək alın.

•Uzun müddət günəşə məruz qalmayın. Erkən yaşdan günəş kremi istifadə etmək gənc və parlaq dəriyə gedən yolda ilk addımdır.

•Dəriyə qulluq və cavanlaşdırma üsulları üçün bir həkim nəzarəti altında davam edin.

Mübaliğədən çəkinin

Dəriyə qulluq tətbiqlərinin məqsədi kiçik toxunuşlarla üzün xoş görünməsinə töhfə verməkdir. Qeyri-təbii və şişirdilmiş prossedurlardan çəkinmək vacibdir. Çünki təbiiliyini itirmiş süni və şişirdilmiş üz görünüşü heç kəsə xoş gəlməyəcək. Dəriyə qulluq və cavanlaşdırma üsulları bir həkim nəzarəti altında edilməli və planlanmalıdır. Unutmayın, məqsəd fərqli bir insan olmaq deyil, bir neçə il əvvəlki vəziyyətə qayıtmaq olmalıdır.

Mənbə: Habertürk

Tərcümə etdi: Samirə İsmayılova

Paylaş