Bu gün:

Afrika Millətlər Kuboku müharibə şəraitində olan Sudan xalqına ümid aşılayır


Sudan milli komandasının hücumçusu Abubakər Eisa Afrika Millətlər Kubokunda (AFCON) iştirakın ölkədə davam edən vətəndaş müharibəsi fonunda xalq üçün böyük ümid mənbəyi olduğunu bildirib. O, bu barədə BBC-yə açıqlamasında danışıb.

Qeyd edək ki, Sudan 2023-cü ilin aprel ayından etibarən ordu ilə “Çevik Dəstək Qüvvələri” (RSF) arasında baş verən silahlı qarşıdurmalar səbəbindən ağır humanitar böhran yaşayır. Münaqişə nəticəsində minlərlə insan həyatını itirib, milyonlarla sakin isə evlərini tərk etməyə məcbur olub.

Müharibə səbəbindən Sudan millisi bütün seçmə oyunlarını doğma meydandan kənarda keçirsə də, AFCON-a vəsiqə qazanmağı bacarıb. Bu, komandanın 1976-cı ildən bəri turnirdə dördüncü iştirakıdır.

1970-ci ilin Afrika çempionu qrup mərhələsində Əlcəzair, Ekvatorial Qvineya və Burkina Faso ilə qarşılaşacaq. Eisa bildirib ki, hər oyun Sudan xalqı üçün xüsusi əhəmiyyət daşıyır və insanların diqqətini müharibədən yayındırmağa kömək edir.

“Hazırda Sudanda çox çətin günlər yaşanır. Futbolun xalqımız üçün nə qədər önəmli olduğunu bilirik və bu yolla insanlara ümid verməyə çalışırıq”, – deyə futbolçu vurğulayıb.


Mənbə: BBC Sport

Tərcümə etdi: Fatimə Salmanlı

Paylaş
Şərh əlavə et