Bu gün:

Neymar diz əməliyyatı keçirib


Braziliyalı ulduz futbolçu Neymar dizindən uğurlu artroskopik əməliyyat keçirib. Bu barədə onun çıxış etdiyi “Santos” klubu bazar ertəsi məlumat yayıb. 33 yaşlı hücumçu növbəti il keçiriləcək dünya çempionatında Braziliya millisində yer almaq üçün tam formaya qayıtmağa çalışır.

Yanvar ayında karyerasına başladığı “Santos”-a geri dönən Neymar Braziliya A Seriyasında komandanın liqada qalmasında mühüm rol oynayıb. Son dörd oyunda beş qol vuraraq, ağrılara baxmayaraq meydanda çıxış edib.

“Santos”-un açıqlamasına görə, əməliyyat Braziliya millisinin həkimi Rodriqo Lasmar tərəfindən aparılıb: “Dizdə medial menisk zədəsi ilə bağlı artroskopik əməliyyat icra olundu. Əməliyyat uğurla keçdi və futbolçunun vəziyyəti yaxşıdır”.

Klub Neymarın meydana nə vaxt qayıdacağı ilə bağlı dəqiq məlumat verməsə də, “Globo Esporte” onun bir ay ərzində sağalacağını bildirib.

79 qolla Braziliya millisinin tarixində ən çox qol vuran oyunçusu olan Neymar 2023-cü ildən bəri ardıcıl zədələr səbəbindən milli komandada forma geyinməyib. Millinin baş məşqçisi Karlo Ançelotti oktyabrda bildirib ki, Neymar dünya çempionatı üçün heyətə düşmək istəyirsə, tam sağlam olmalıdır.Qeyd edək ki, 2026-cı ildə Kanada, Meksika və ABŞ-da keçiriləcək mundialda Braziliya millisi C qrupunda Şotlandiya, Mərakeş və Haiti ilə qarşılaşacaq.

Mənbə: Reuters 

Tərcümə etdi: Mələk Nəsirli

Paylaş