İngiltərə millisinin sabiq hücumçusu və keçmiş kapitanı Ueyn Runi “Arsenal”ın yarımmüdafiəçisi Deklan Raysla bağlı fikirlərini bölüşüb. O, Premyer Liqanın son turu çərçivəsində London təmsilçisinin “Everton” üzərində qazandığı minimal hesablı qələbəni stadiondan izləyib.
Bu barədə məlumat BBC Sport-un rəsmi internet səhifəsində dərc olunub. Bildirilib ki, Runi “Hill Dickinson” stadionunda baş tutan qarşılaşmadan sonra Raysın oyununu xüsusi vurğulayıb və onun meydandakı fəaliyyətindən məmnunluğunu ifadə edib.
Qeyd edilib ki, 26 yaşlı futbolçu görüş ərzində meydanın bütün sahələrində fəal olub, oyunun tempini tənzimləyib və hücumla müdafiə arasında mühüm körpü rolunu oynayıb. Runi onun ötürmə qərarlarını, düzgün mövqe seçimini və topa nəzarət bacarığını yüksək qiymətləndirib.
Sabiq futbolçu bildirib ki, Rays bəzən mərkəz müdafiəçiləri arasında boşluqlar yaradır, lazım gəldikdə müdafiəyə kömək edir, növbəti an isə cərimə meydançasında qol epizodlarında iştirak edir. Onun fikrincə, futbolçunun meydandakı rolu çox zaman lazımi qədər dəyərləndirilmir.
Ueyn Runi, həmçinin xatırladıb ki, Deklan Rays İngiltərə millisində daha əvvəl də kapitan sarğısını daşıyıb. Belə ki, yarımmüdafiəçi Harri Keynin yoxluğunda Belçika ilə 2:2 hesablı oyunda və Uels üzərində 3:0 hesablı qələbədə komandanı meydançaya kapitan kimi çıxarıb.
Runi əlavə edib ki, Raysın xarakteri, liderlik keyfiyyətləri və komandadakı nüfuzu onu milli komanda üçün vacib fiqura çevirir. Onun sözlərinə görə, futbolçu İngiltərə millisinin gələcəyi baxımından mühüm rol oynaya bilər.
Mənbə: BBC Sport
Tərcümə etdi: Fatimə Salmanlı
