Qlobal maliyyə bazarlarında qızıl və gümüş qiymətləri tarixi rekord səviyyələrə çatıb. Qiymətli metallarda müşahidə olunan bu artım ABŞ Federal Ehtiyat Sisteminin (FED) yaxın dövrdə faiz dərəcələrini endirə biləcəyi ilə bağlı gözləntilərin güclənməsi fonunda baş verib.
Beynəlxalq ticarətdə qızılın bir unsiyasının qiyməti ilk dəfə 4 400 ABŞ dollarını ötüb. Analitiklər bildirirlər ki, qlobal iqtisadi qeyri-müəyyənlik, geosiyasi risklərin artması və ABŞ dollarının zəifləməsi investorların təhlükəsiz aktivlərə yönəlməsinə səbəb olub.
Eyni zamanda, gümüş qiymətləri də yeni rekord səviyyəyə yüksəlib. Mütəxəssislərin fikrincə, bərpa olunan enerji sahəsində, xüsusilə günəş panellərinin istehsalında gümüşə tələbatın artması bu metalın bahalaşmasında mühüm rol oynayır.
Bazarlarda mövcud tendensiyalar göstərir ki, mərkəzi bankların pul siyasətində mümkün yumşalma və inflyasiya riskləri fonunda qızıl və gümüşə maraq yaxın müddətdə də yüksək olaraq qala bilər.
Mənbə: Reuters
Tərcümə etdi: Zəhra Məlikova
