Bu gün:

Qurban Qurbanov klub oyunçularına gələn təkliflər barədə danışıb


“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Braziliya klublarından birinin komandanın futbolçusu Pedro Bikalyo ilə bağlı rəsmi maraq göstərdiyini təsdiqləyib.

24media.az bildirir ki, təcrübəli mütəxəssis bu barədə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən danışıb. O, Misli Premyer Liqasının XVI turunda “Qəbələ” üzərində qazanılan 2:1 hesablı qələbədən sonra braziliyalı yarımmüdafiəçinin gələcək taleyinə aydınlıq gətirib.

Qurbanov bildirib ki, futbolçuya təklifin olması faktdır, lakin bu cür məsələlərdə yanaşma ciddi olmalıdır: “Bura "Qarabağ"dır, uşaq bağçası deyil. Kluba ünvanlanan təkliflər konkret və ciddi olmalıdır. Təəssüf ki, bəzən futbolçuların fikrini yayındırmağa çalışırlar. Futbolda qeyri-peşəkar danışıq olmaz. Burada həm menecerləri, həm də klub nümayəndələrini nəzərdə tuturam. Oyunçuya yüksək məbləğ təklif edilir, kluba isə minimal vəsait ayrılmaq istənir. Pul bir çoxlarının gözünü örtüb. Bu cür yanaşma qəbuledilməzdir”.

Baş məşqçi qeyd edib ki, ona edilən zənglərin əksəriyyəti qeyri-ciddi xarakter daşıyır: “Keyfiyyətsiz və mənasız müraciətlər o qədər çoxdur ki, bəzən doğrudan da zənglərin klublardan gəlib-gəlmədiyinə şübhə edirsən. Komandanın heyətini qorumaq mənim üçün ciddi problemə çevrilib. Demək olar, futbolçuların 90 faizinə müxtəlif ölkələrdən – biri Yaponiyadan, digəri Dubaydan təkliflər gəlir”.

Qeyd edək ki, Braziliyanın “Botafoqo” klubu Pedro Bikalyo ilə maraqlanan tərəflər arasındadır.

Aytac Musayeva

Paylaş
Şərh əlavə et