Futbol üzrə Fil Dişi Sahilinin sabiq millisinin üzvü, “Barselona” və “Mançester Siti” kimi nəhəng klubların keçmiş futbolçusu Yaya Ture BBC-nin “The Football Interview” adlı yeni layihəsinin qonağı olub. Veriliş BBC-nin tanınmış aparıcısı Kelli Somersin təqdimatında yayımlanıb.

Bu barədə məlumat BBC Sport-un rəsmi internet səhifəsində dərc edilib. Bildirilib ki, müsahibə zamanı Yaya Ture futbolçu karyerasının əsas mərhələləri, şəxsi motivasiyası və peşəkar inkişafına təsir edən məqamlar barədə ətraflı danışıb.
Qeyd olunub ki, 2019-cu ildə peşəkar futbolçu karyerasını başa vuran 42 yaşlı mütəxəssis hazırda məşqçilik sahəsində fəaliyyət göstərir. O, Ukraynada çalışdıqdan sonra “Tottenhem” klubunun akademiyasında təcrübə toplayıb və daha sonra sabiq “Mançester Siti”nin baş məşqçisi Roberto Mançini ilə yenidən bir araya gələrək Səudiyyə Ərəbistanı millisinin məşqçi heyətində yer alıb.
Müsahibə zamanı Yaya Ture uşaqlıq illərindən, karyerasına təsir edən məşqçilərdən, eləcə də qardaşı Kolo Ture ilə yaşadığı ailədaxili futbol rəqabətindən bəhs edib. O, həmçinin azarkeşləri sevindirmək və futbolun insan həyatındakı rolu ilə bağlı fikirlərini bölüşüb.
Veriliş şənbə günləri BBC iPlayer, BBC Sounds və BBC Sport platformalarında yayımlanır. Cari həftə buraxılış BBC One kanalında Böyük Britaniya vaxtı ilə saat 23:50-də nümayiş etdirilib.
Mənbə: BBC Sport
Tərcümə etdi: Fatimə Salmanlı
