Avropa futbolunun ali idarəetmə qurumu olan UEFA qadın futbolçuların milli komandalara buraxılması ilə bağlı Avropa klublarına ümumilikdə 7,8 milyon avro məbləğində vəsait ödəyib. Ödənişlər 2025-ci ildə keçiriləcək qadınlar arasında Avropa çempionatı ilə əlaqədar həyata keçirilib.

Bu barədə məlumat UEFA-nın rəsmi internet səhifəsində yer alıb. Bildirilib ki, 16 federasiyaya daxil olan 103 Avropa klubu sözügedən proqram çərçivəsində maliyyə dəstəyi alıb. Qeyd olunub ki, bu məbləğ 2022-ci ildə keçirilmiş turnirdən sonra klublara ödənilən 4,5 milyon avro ilə müqayisədə iki dəfə çoxdur.
Məlumata görə, ödənişlər hər bir futbolçunun turnir üçün klubundan ayrıldığı günlərin sayına əsasən hesablanıb. Buraya 10 günlük hazırlıq dövrü, turnirdə iştirak etdiyi günlər və bir günlük səfər vaxtı daxildir. Bir futbolçu üçün gündəlik ödəniş məbləği 1 095 avro təşkil edib.
Açıqlanan rəqəmlərə əsasən, İngiltərənin qadınlar üzrə Super Liqasında çıxış edən “Çelsi” və “Arsenal” klubları ən çox vəsait alan komandalar olub. Hər iki klub birlikdə 870 min 525 avro əldə edib. Ümumilikdə isə İngiltərə klublarına 2 milyon 370 min avro ödənilib.
UEFA prezidenti Aleksander Çeferin bildirib ki, qadın futbolunun inkişafı qurum üçün əsas istiqamətlərdən biridir. Onun sözlərinə görə, bu ödənişlər təkcə maliyyə mükafatı deyil, həm də futbolun gələcəyinə qoyulan investisiyadır.
Avropa Futbol Klubları Assosiasiyasının sədri Nasser Əl-Xəlaifi isə qeyd edib ki, klub fayda proqramları UEFA ilə strateji əməkdaşlığın mühüm hissəsidir və bu proqramlar klublarla milli komandalar arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.
Mənbə: UEFA.com
Tərcümə etdi: Fatimə Salmanlı
