Qadınlar arasında UEFA Çempionlar Liqasında pley-off mərhələsindən sonra mümkün 1/4 final qarşılaşmaları bəlli olub. Turnirin son qalibi olan İngiltərənin “Arsenal” klubu həmin mərhələdə Belçikanın “Löyven” komandasını məğlub edəcəyi təqdirdə, 1/4 finalda ölkə təmsilçisi “Çelsi” ilə qarşılaşacaq.

Bu barədə məlumat BBC Sport-un rəsmi internet səhifəsində dərc olunub. Bildirilib ki, İngiltərə Qadınlar Superliqasının çempionu “Çelsi” qrup mərhələsini ilk dördlükdə başa vuraraq “Barselona”, “Lion” və “Bavariya” ilə birlikdə birbaşa 1/4 final mərhələsinə vəsiqə qazanıb.
Məlumata görə, turnirdə debüt edən “Mançester Yunayted” pley-off mərhələsində İspaniyanın “Atletiko Madrid” klubu ilə üz-üzə gələcək. Bu cütün qalibi 1/4 finalda Almaniyanın “Bavariya” komandası ilə qarşılaşacaq.
Qeyd edilib ki, səkkizqat Çempionlar Liqası qalibi olan Fransanın “Lion” klubu da “Çelsi” və “Arsenal”ın yer aldığı püşk səbətində mübarizəni davam etdirir. Fransa çempionu 1/4 final mərhələsində Almaniyanın “Volfsburq” və ya İtaliyanın “Yuventus” komandalarından biri ilə üz-üzə gələcək.
Keçən mövsümün finalçısı olan “Barselona” isə yarımfinalda “Mançester Yunayted” üçün potensial rəqib hesab olunur. Turniri üç dəfə qazanan İspaniya təmsilçisi 1/4 final mərhələsində Fransanın PSJ klubu və ya “Real Madrid” ilə qarşılaşacaq.
İki oyundan ibarət pley-off mərhələsinin qarşılaşmaları 11–12 və 18–19 fevral tarixlərində keçiriləcək. 1/4 final mərhələsinin oyunları isə 24–25 mart və 1–2 aprel tarixlərinə planlaşdırılıb.
Mənbə: BBC Sport
Tərcümə etdi: Fatimə Salmanlı
