Qarabağ futbol klubu 2025/26 mövsümündə UEFA Çempionlar Liqasındakı uğurlu çıxışları və ağır mübarizələri ilə aparıcı xarici idman mediasının diqqət mərkəzində qalmağa davam edir. Azərbaycan təmsilçisinin Avropanın nüfuzlu klublarına qarşı göstərdiyi oyunlar bir çox ölkələrin mətbuatında geniş rezonans doğurub. Xarici media Qarabağ FK-nın çıxışlarını müsbət qiymətləndirir.

İspaniyanın Mundo Deportivo nəşri Qarabağ FK-nın “Benfika” üzərində qələbəsini tarixi sensasiya kimi dəyərləndirib. Məqalədə qeyd olunur ki, Azərbaycan komandası favorit hesab edilən rəqibə qarşı oyunun gedişatını tamamilə dəyişərək xarakter, inam və sona qədər mübarizə aparmaq bacarığını nümayiş etdirib. İspan jurnalistlərin fikrincə, bu nəticə cari Çempionlar Liqası mövsümünün ən çox müzakirə olunan hadisələrindən biridir və Qarabağın yüksək səviyyəli Avropa klubları ilə rəqabət aparmağa qadir olduğunu göstərir.
Niderland mediası da Qarabağ FK-nın çıxışlarını müsbət qiymətləndirir. VoetbalPrimeur nəşrində yer alan materialda Azərbaycan klubunun güclü Avropa komandaları üçün ciddi rəqibə çevrildiyi vurğulanır. Futbol eksperti John van Loon “Ayaks”la oyundan əvvəl Qarabağ FK-nı favoritlər sırasında göstərərək bildirib ki, Azərbaycan klubu “Benfika” və “Kopenhagen”lə qarşılaşmalarda yüksək səviyyəli və stabil oyun nümayiş etdirib. Onun sözlərinə görə, Qarabağın bu performansı hörmətə layiqdir.
Fransanın nüfuzlu L’Équipe nəşri Qarabağ FK-nın “Benfika” üzərində 3:2 hesablı qələbəsini “tarixi” adlandırıb. Qeyd olunur ki, Azərbaycan klubu 0:2 hesabı ilə geridə olmasına baxmayaraq, geri dönüş edərək Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb. Fransız jurnalistlər bu nəticəni hamı üçün “sürpriz” kimi dəyərləndirib və həmin oyunu gecənin ən əsas hadisəsi adlandırıblar. Onların fikrincə, az adam Azərbaycan klubunun matçın gedişatını dəyişə biləcəyini gözləyirdi.
İngiltərənin Yahoo Sports UK nəşri isə Qarabağ FK – “Çelsi” (2:2) qarşılaşmasını London klubu üçün ciddi sınaq kimi təqdim edib. Məqalədə vurğulanır ki, Azərbaycan təmsilçisi turnirin favoritlərindən sayılan “Çelsi”yə qarşı təzyiq göstərərək məğlubiyyətdən qaça bilib. Qeyd edilir ki, iki klub arasında büdcə və resurslar baxımından böyük fərq olmasına baxmayaraq, Qarabağ FK gözləntiləri doğruldub. Nəşrin yazdığına görə, nəticə “Çelsi”də məyusluq yaradıb, çünki İngiltərə klubu Azərbaycan təmsilçisinə qarşı asan qələbə gözləyirdi. Eyni zamanda, Qarabağ FK-nın sona qədər mübarizə aparması, intizamlı müdafiəsi və dözümlülüyü beynəlxalq futbol ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib.
Beləliklə, Qarabağ FK-nın UEFA Çempionlar Liqasındakı çıxışları beynəlxalq mediada Azərbaycan futbolunun mövqeyini gücləndirib. Avropanın aparıcı idman nəşrlərində yer alan bu dəyərləndirmələr klubun artıq təsadüfi iştirakçı deyil, beynəlxalq səviyyədə qəbul olunan və hörmət qazanan bir rəqibə çevrildiyini göstərir. Qarabağ FK-nın uğurları Azərbaycan futbolunun Avropa arenasında artan nüfuzunun bariz göstəricisi kimi qiymətləndirilir.
İbrahim Çobanlı
