Qadınlar arasında UEFA Çempionlar Liqasının yeni format üzrə keçirilən liqa mərhələsi həlledici final mərhələsinə doğru irəliləyir. Komandalar pley-off və növbəti mərhələlərə vəsiqə qazanmaq uğrunda gərgin mübarizə aparırlar.

Bu barədə məlumat BBC Sport-un rəsmi internet səhifəsində dərc olunub. Bildirilib ki, ötən mövsümün finalçısı olan “Barselona” və turnirin səkkizqat qalibi “Lion” hazırda 13 xalla turnir cədvəlinin ilk iki pilləsində qərarlaşıb və əsas favoritlər hesab olunurlar.
Qadınlar Super Liqasında çıxış edən “Çelsi”, “Arsenal” və “Mançester Yunayted” klubları isə artıq minimum pley-off mərhələsinə vəsiqəni təmin ediblər. Bununla belə, bu komandalar üçün ilk dördlükdə yer almaq mübarizəsi hələ də davam edir.
Qaydalarına əsasən, liqa mərhələsini ilk dörd pillədə başa vuran komandalar birbaşa dörddəbir finala yüksələcəklər. Beşinci yerdən on ikinci pilləyədək qərarlaşan səkkiz kollektiv isə iki oyundan ibarət pley-off mərhələsində üz-üzə gələrək növbəti mərhələyə vəsiqə uğrunda mübarizə aparacaq.
On üçüncü yerdən on səkkizinci pilləyədək olan komandalar isə turnirdə mübarizəni dayandıracaqlar. Hazırda “Barselona”, “Lion”, “Volfsburq”, “Bavariya”, “Real Madrid” və “Yuventus” klubları pley-off mərhələsində iştirak hüququnu artıq təmin ediblər.
Eyni zamanda, “Sent-Pölten”, “Tvente”, “Benfika”, “Roma” və PSJ komandalarının turnirdə yoluna davam etmək şansı qalmayıb.
BBC Sport, həmçinin İngiltərə təmsilçilərinin qitə səhnəsindəki çıxışını və qarşıdakı mərhələlərdə onları nələrin gözlədiyini təhlil edib.
Mənbə: BBC Sport
Tərcümə etdi: Fatimə Salmanlı
