UEFA Konfrans Liqasının 5-ci turunda “Samsunspor” öz meydanında AEK-i qəbul edib və 1:2 hesabı ilə məğlub olub. Bu nəticə “qırmızı-ağlar”ın mövsümdə Avropadakı ilk məğlubiyyəti kimi qeydə alınıb.
Matç Samsun 19 May Stadionunda keçirilib. Qarşılaşmaya yaxşı başlayan meydan sahibləri artıq 4-cü dəqiqədə Harold Moukoudinin avtoqolu ilə hesabda önə keçiblər. İlk hissə bu nəticə ilə tamamlanıb.
Fasilədən sonra fəallığı artıran AEK cəmi 11 dəqiqə ərzində oyunun taleyini dəyişib. Rumıniyalı futbolçu Razvan Marin 52-ci dəqiqədə hesabı bərabərləşdirib, 63-cü dəqiqədə isə Aboubakari Koita komandasını hesabda irəli çıxarıb.
Görüş 2:1 hesabı ilə AEK-in xeyrinə başa çatıb. Bu məğlubiyyətlə “Samsunspor”un xalı 10-da qalıb. AEK isə xalını 10-a yüksəldib və qrupdakı mövqeyini gücləndirib.
Növbəti turda “Samsunspor” səfərdə “Maynts”la qarşılaşacaq. AEK isə doğma meydanda “Krayova”nı qəbul edəcək.
https://www.haberler.com/spor/samsunspor-avrupa-da-ilk-kez-kaybetti-19348557-haberi/
Mənbə: Haberler
Tərcümə etdi: Ömər Cəfərov
