Anfilddə daha bir məyusedici gecədə diqqət bu dəfə zəif forması ilə gündəmdə olan Liverpul kapitanı Vircil van Dayka yönəlib. Son həftələr tənqid olunan və ardıcıl iki matçda ehtiyatda qalan Məhəmməd Salah kimi, Van Dayk da Sunderland ilə 1-1 hesablı oyunda ağır tənqid hədəfinə çevrilib.

34 yaşlı Van Dayk və 33 yaşlı Salah yayda yeni ikillik müqavilə imzalayıb, lakin bu mövsüm hər iki ulduzun performansı ciddi şəkildə aşağı düşüb. Arne Slotun rəhbərliyi altında aparılan 450 milyon funtluq yay transferləri də hələ nəticə verməyib və Liverpul müdafiədə kövrəkləşib.
Van Dayk illərlə yaratdığı toxunulmaz görüntünü itirib. PSV ilə Çempionlar Liqasındakı ağır məğlubiyyətdə səbəb olduğu penalti və Sunderland qarşısında Talbiyə topu uduzaraq zərbəyə müdaxilə etməməsi onun formadan düşdüyünü göstərib. Ekspertlər: Stef Hafton və Ceymi Redknapp holland müdafiəçini yanlış qərarlar verməkdə və özünə inamı itirməkdə günahlandırıb.
Statistik göstəricilər də geriləməni təsdiqləyib: bərpa olunan toplar, müdaxilələr və kəsilmələr keçən mövsümlə müqayisədə xeyli azalıb. Liderlik də çatışmayıb və komanda meydanda yönləndiricisiz görünüb.
Salah ikinci hissədə oyuna qoşulsa da, təsir göstərə bilməyib. Van Dayk isə matçın sonunda ümidsiz addım kimi hücumçu rolunda istifadə olunub. Liverpulun zəif çıxışı West Ham üzərində son qələbənin təsadüf olduğu fikrini gücləndirib.
Van Dayk oyundan sonra Salah haqqında belə deyib:
"Burada heç kimin limitsiz krediti yoxdur. Hamımız yaxşı çıxış etməliyik. Salah hələ də komandanın əsas hissəsidir və bizə lazımdır".
Kiyezanın matçın son anlarındakı möhtəşəm müdaxiləsi Liverpulu məğlubiyyətdən qurtarıb.
Mənbə: BBCsport
Tərcümə etdi: Mələk Nəsirli
