24media.az-ın budəfəki müsahibi boks üzrə altıqat Azərbaycan çempionu Rinat Qiyasovdur. O, ölkəmizdə boks sahəsində son illərdə baş verən yeniliklər və inkişaf tendensiyalarından danışıb.
– Son illərdə Azərbaycanda boks sahəsində hansı yenilikləri müşahidə etmisiniz?
İlk olaraq regionlarda yarışın qayda və tələblərinin öyrədilməsi diqqət çəkir. Əvvəllər peşəkar olmaq istəyən idmançılar rayonlardan gəlib Azərbaycan çempionatına qoşulurdular, lakin hazırlıqsız olduqları üçün uğur qazana bilmirdilər. Son illərdə isə rayonlarda məşqlərin səviyyəsi xeyli yüksəlib.
Bundan başqa, ölkəmizə xaricdən – Özbəkistan, Qazaxıstan, Tacikistan və digər ölkələrdən təcrübəli məşqçilər cəlb olunurlar. Onların xüsusi proqramları sayəsində idmançılarımız daha sistemli şəkildə inkişaf edirlər.
– Gənc boksçular üçün hansı motivasiyaedici tədbirlər görülür?
Hazırda İdman Federasiyası gənc idmançılar üçün müxtəlif imkanlar yaradır. Onlara xüsusi qida rasionu, gündəlik qidalanma proqramı, lazımi idman geyimləri və inventar təqdim olunur.
Motivasiya xarakterli tədbirlərdən biri də rayonlarda təşkil edilən təlim-məşq toplanışlarıdır. Bu düşərgələr idmançıların həm hazırlığını gücləndirir, həm də yarışa daha yüksək ruhda çıxmasına səbəb olur.
– İdmançılar yarışa hazırlıq zamanı hansı əsas prinsiplərə əməl edirlər?
İdman sahəsi böyük zəhmət və davamlı məşq tələb edir. Bu yola adətən kiçik yaşlardan başlanılır. Ən vacib prinsiplər nizam-intizam və intizmdir. Fədakarlıq olmadan bu sahədə uğura nail olmaq mümkün deyil. Nizam-intizam məşq prosesində xoşagəlməz halların qarşısını almağa, disiplin isə idmançını uğura aparan əsas faktora çevrilir.
Dilbər Paşazadə
