Bu gün:

Rusiya Kupyanskı ələ keçirdiyini açıqlayıb, Ukrayna isə təkzib edib


Rusiyanın Baş Qərargah rəisi Gerasimov Ukraynanın Xarkov vilayətində yerləşən Kupyansk şəhərini ələ keçirdiklərini açıqlayıb. Ukrayna rəhbərliyi isə bunu təkzib edib: “Kupyansk bizim nəzarətimiz altındadır”.

ABŞ administrasiyasının gündəmə gətirdiyi yeni Rusiya–Ukrayna sülh planı müzakirə olunmağa davam etdiyi bir vaxtda cəbhədə şiddətli döyüşlər də davam edir. 3 il yarımdan çoxdur davam edən müharibənin ən gərgin döyüşlərinin getdiyi Xarkov vilayətinə bağlı Kupyansk şəhəri və ətrafı ilə bağlı tərəflər ziddiyyətli açıqlamalar verib.

Kremlin yaydığı məlumatda Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı müharibədə iştirak edən “Qərb” adlı hərbi birliyə aid komanda məntəqəsini ziyarət etdiyi bildirilib.

Putin burada çıxış edərək deyib ki, Ukraynanın siyasi rəhbərliyi ötən ilin martından bəri hakimiyyəti ələ keçirib və Rusiyayla müharibəni davam etdirmək bəhanəsi ilə bu gücü şəxsi maraqları üçün əlində saxlayan təşkilatlanmış cinayət qrupuna çevrilib.

Rusiya Baş Qərargah rəisi Valeriy Gerasimov bildirib ki, Xarkov vilayətindəki Volçansk şəhərinin 80 faizinə, Krasnoarmeysk (Pokrovsk) şəhərinin 70 faizinə nəzarət edirlər və “Qərb” birliyinin bölmələri Kupyansk şəhərini “azad edib”.

Ukrayna Silahlı Qüvvələri Gerasimovun Kupyanskla bağlı bəyanatını təkzib edib. Baş Qərargahın sosial media hesabında yayılan açıqlamada şəhərin Ukraynanın nəzarətində qaldığı bildirilib.

Açıqlamada deyilir ki, Kupyansk və ətraf yaşayış məntəqələrinə daxil olmağa çalışan Rusiya hərbçilərinə qarşı əməliyyat aparılır. Həmçinin Gerasimovun Volçansk və Pokrovsk şəhərlərinin böyük hissəsinə nəzarət edilməsi və Yampolun ələ keçirilməsi barədə dedikləri də təkzib edilib.

Mənbə: NTV 

Tərcümə etdi: Mina Yadigarlı

Paylaş
Şərh əlavə et