Bu gün:

Yohann Vadephul Ukraynanın mövqeyinə dəstəyi vurğulayıb


Almaniyanın xarici işlər naziri Yohann Vadephul Rusiya-Ukrayna müharibəsi ilə bağlı bildirib ki, Berlin münaqişədə “hakim” rolunda çıxış etmir, lakin Ukraynanın “vəkili” kimi onun mövqeyini müdafiə edir.

Nazir Brüsseldə keçirilən Avropa İttifaqı Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən ABŞ-nin müharibəni bitirmək üçün hazırladığı 28 maddəlik planla bağlı mövqeyini açıqlayıb. Vadephul planı “Ukrayna və Rusiya arasında təcili müzakirəyə ehtiyacı olan məsələlərin siyahısı” kimi qiymətləndirdiyini bildirib.

O, sənədi yekun plan kimi qəbul etmədiyini, lakin Vaşinqtonun tərəfləri danışıqlar masasına gətirmək cəhdlərini müsbət addım hesab etdiyini vurğulayıb.

Vadephul Ukraynanın bu maddələr üzrə güclü danışıqlar mövqeyinə sahib olmasının vacibliyini qeyd edərək deyib: “Güzəştlərə nə zaman və hansı formada gedəcəyinə Ukrayna qərar verəcək. Eynilə Rusiya da öz qərarlarını verəcək. Biz burada hakim deyilik, Ukraynanın vəkiliyik. Çünki Ukrayna həm öz azadlığını, həm də Avropanın azadlığını müdafiə edir".

Nazir əlavə edib ki, Almaniyanın bu məsələdə mövqeyi Avropa İttifaqının ümumi mövqeyi ilə üst-üstə düşür və Berlin Kiyevi dəstəkləməyə davam edir.

Mənbə: TRT

Tərcümə etdi: Ətirə İbayeva

Paylaş
Şərh əlavə et