Əyləncəli macəraya hazırsınız? “Ay dayan, dağıtma, tökmə!” demək yerinə uşağınızla birgə mətbəxə girə bilərsiniz. Bu uşağınızla keyfiyyətli vaxt keçirmək üçün əla fürsətdir. Eyni zamanda, uşağın təxəyyülünü inkişaf etdirir.
Övladınızla birlikdə hazırlaya biləcəyiniz 4 çox asan resepti təqdim edirik. Bunlar öyrədici olmaqla yanaşı, kiçik uşaqlarda özünə inam hissini inkişaf etdirir. Uşaqla uşaq olmağın saatları başlasın!
3-5 yaşlı balaca aşpazlar üçün
Bu yaş aralığında olan uşağınıza əsas yemək hazırlamaq üsullarını öyrədə bilərsiniz. Üstəlik, yoğurma və qarışdırma bacarıqlarının inkişafı üçün əla bir fəaliyyət olacaqdır. Təbii ki, hər bir hərəkəti nəzarət altında saxlamaq lazımdır.
Şokoladlı banan pudinqi
Ərzaqlar:
•3 banan
•2 xörək qaşığı krem
•250 q əridilmiş şokolad
Hazırlanma qaydası:
•Bananları birlikdə soyun və əzin.
•Uşağınızla birgə şokoladı və kremi qaba töküb qarışdırın.
•Qarışığa əzilmiş bananı əlavə edin.
•1 saat soyuducuda saxlayın. Desertiniz hazırdır!
Limonlu pudinq
Ərzaqlar:
•4 limonun suyu
•4 çay qaşığı bal
•250 q xama
•Bir az rəndələnmiş limon qabığı
Hazırlanma qaydası:
•Bal və limon suyunu qarışdırın.
•Daim qarışdıraraq xama əlavə edin.
•Qarışığı kiçik fincanlara tökün.
•Rəndələnmiş limon qabığı ilə bəzəyin.
•1 saat soyuducuda saxlayın.
6-8 yaşlı təcrübəli aşpazlar üçün
Bu yaş qrupunda olan uşaqlar üçün daha müstəqil və daha mürəkkəb yeməklər bişirmək mümkündür. İndi, sadəcə, onlara addımları söyləmək və etdiklərini izləmək kifayətdir.
Omlet
Ərzaqlar:
•5 yumurta,200 q göbələk
•2 çay qaşığı pendir sousu
•200 q pendir,duz və istiot
•Zövqünüzə görə pomidor, soğan
Hazırlanma qaydası:
•Yumurtanı çırpın. Pendir sousunu əlavə edin və qarışdırın.
•Duz, istiot və soğan əlavə edin. Pendiri rəndələyin.
•Göbələkləri tavada suyu gedənə qədər qızardın. Göbələklərin üzərinə yumurtalı qarışığı tökün.
•Üstünə rəndələnmiş pendir səpin. Yumurta yaxşı bişəndə digər tərəfini çevirin.
•Bir boşqaba tökün və həzz alın!
Pizza
Ərzaqlar:
•Pizza xəmiri
•Tomat pastası
•Pendir
•Zövqünüzə görə, pomidor, göbələk, qarğıdalı, zeytun.
Hazırlanma qaydası:
•Xəmiri yayın və üzərinə tomat pastası çəkin.
•Dilimlənmiş pomidorları düzün.
•Pomidorların üstünə rəndələnmiş pendir səpin.
•Zövqünüzə uyğun olaraq, ət, tərəvəz, göyərti, qarğıdalı, zeytun,reyhan əlavə edin.
•Sobada 200 dərəcədə 20 dəqiqə bişirin. Pizza hazır olacaq!
Mənbə: Macromore
Tərcümə etdi: Samirə İsmayılova
