Bu gün:

Polşanın Baş naziri: Rusiyaya işləyən iki ukraynalı dəmir yolu diversiyasının arxasındadır


Polşanın Baş naziri Donald Tusk bildirib ki, Polşanın dəmir yolu şəbəkəsində baş verən iki diversiya aktının arxasında uzun illərdir Rusiya kəşfiyyatına işləyən iki Ukrayna vətəndaşı dayanır.

Tusk parlamentdə çıxışı zamanı qeyd edib ki, şübhəlilərdən biri Ukraynada törətdiyi diversiya əməllərinə görə qiyabi olaraq məhkum edilib. Onun sözlərinə görə, hər iki şəxs bu payız Belarusdan Polşaya daxil olub və sonradan yenidən Belarus ərazisinə qayıdıb.

Mika yaxınlığında partlayış

Baş nazir deyib ki, 15 noyabr saat 21:00-da Mika kəndi yaxınlığında hərbi təyinatlı C4 partlayıcısı işə düşüb. Partlayış yük qatarı keçən zaman baş verib və vaqonun döşəməsinə cüzi ziyan dəyib. Hadisə təhlükəsizlik kameralarına düşsə də, maşinist bunu hiss etməyib.

Daha əvvəl qatara polad qısqac qoyaraq relsi əymək cəhdi də uğursuz olub.

İkinci hadisə – sərnişin qatarı məcburi dayandı

17 noyabrda baş verən ikinci diversiya aktında relsdəki zədələnmə səbəbindən 475 sərnişin daşıyan qatar qəfil əyləc etməyə məcbur qalıb.

Rusiyanın məqsədi: Panika və gərginlik yaratmaq

Tusk bildirib ki, Rusiyanın hədəfi həm də Polşa cəmiyyətində panika və anti-Ukrayna əhval-ruhiyyəsi yaratmaqdır. Hazırda Polşada bir milyondan çox ukraynalı müharibə qaçqını yaşayır.

Baş nazir əlavə edib ki, keçən ildən bu yana sabotaj törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb, onlardan 23-ü həbsə alınıb.

Polşa-NATO təhlükəsizliyi

Polşa Ukraynaya yardımın çatdırılmasında əsas logistik mərkəzdir və dəmir yolları xüsusi əhəmiyyət daşıyır. Tusk, həmçinin sentyabr ayında Polşa hava məkanında NATO qüvvələri ilə birlikdə üç Rusiya dronunun vurulduğunu xatırladıb.

Rusiya tərəfi hələlik Polşanın ittihamlarına rəsmi reaksiya verməyib.

Mənbə: BBC 

Tərcümə etdi: Nuray Ədilzadə

Paylaş
Şərh əlavə et